AQTA enerji içkilərinin təhlükəsizliyini təmin etmək üçün qaydalar müəyyənləşdirdi
14 İyun 2019 05:39
Enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.
Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.
Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.
“Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir.
“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır.
Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.
“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
Qeyd edək ki, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir. Qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş