AQTA hərbi vəziyyətlə bağlı sahibkarları daha diqqətli olmağa çağırdı
8 Oktyabr 2020 10:47
Azərbaycan Ordusu təcavüzkar Ermənistanın törətdiyi təxribatlara cavab olaraq sentyabrın 27-dən başladığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirib. Davam edən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub. Hazırda şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə layiqli cavab verməkdə davam edir.
Həyata keçirilən əks-hücum əməliyyatları zamanı işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün öz canını sipər edən qəhrəman əsgər və zabitlərimiz arasında şəhid olan və yaralananlar var. Hər bir azərbaycanlının yumruq kimi birləşdiyi, bütün diqqət və qüvvələrin ön cəbhəyə səfərbər edildiyi bir şəraitdə göstərdiyi xidmət və fəaliyyət sahəsindən asılı olmayaraq hər kəs bir hədəfə vurmalı və öz nümunəvi fəaliyyəti, vətəndaş məsuliyyəti ilə cəbhədə döyüşən qəhrəman Azərbaycan əsgəri ilə həmrəyliyini nümayiş etdirməlidir.
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq bizlərdən xüsusi yanaşma və məsuliyyət tələb edir. Hazırda cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda sağlamlığını itirən, yaralanan və tibbi yardıma ehtiyacı olan əsgərlərimizin olduğunu nəzərə alaraq, digər mühüm sahələrlə yanaşı, qida sahəsində göstərilən xidmət və fəaliyyətlər zamanı da xüsusi məsuliyyət və cavabdehlik hissi nümayiş etdirilməlidir. Koronavirusun daha geniş yayılmaması və xəstəliyin qarşısının alınması məqsədilə səfərbər olunmuş qüvvə və vasitələrin bölünməməsi üçün hər bir vətəndaş diqqətli olmalı, bu sahədə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.
Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən əslində çox sadə və icrası asan olan aşağıdakı qaydalara əməl edilmədiyi müşahidə olunur:
- işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi;
- qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması;
- masalar və oturacaqlar arasında müəyyən olunmuş məsafə ilə bağlı tələblərə əməl olunmaması;
- ictimai iaşə müəssisələrinin girişində və masaların üzərində dezinfeksiyaedici vasitələrin yerləşdirilməməsi;
- qida ilə birbaşa təmasın aradan qaldırılması üçün işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi;
Həmçinin aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan nöqsanlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarları və metodiki göstərişlərində əksini tapan bir sıra digər qayda və tələblərə əməl olunmadığı aşkar görünür. Dövlət başçısının rəhbərliyi altında COVID-19 pandemiyasına qarşı aidiyyəti qurumların birgə apardığı mübarizə tədbirləri nəticəsində əldə olunmuş epidemioloji sabitliyin qorunub saxlanılması və bu müsbət tendensiyanın davam etdirilməsi, xəstəliyin yayılmasına imkan verməmək üçün hər birimiz bir nöqtəyə vurmalı, gözlə görünməyən düşmənlə birlikdə mübarizə aparmalıyıq.
Bununla əlaqədar, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək onları elan olunmuş hərbi vəziyyəti nəzərə almaqla, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün öz peşəsini layiqincə yerinə yetirməyə çalışan insanlarla həmrəy olmağa dəvət edirik.
Unutmaq olmaz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi günlərdə arxa cəbhədə hər bir vətəndaş ön cəbhədə böyük rəşadətlə xalqımızın haqq mübarizəsində qələbə naminə inamla irəliləyən Ordumuza əməli fəaliyyəti ilə dəstək nümayiş etdirməli və şanlı qələbəmizə öz töhfəsini verməlidir.
Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun!
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş