“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib
3 May 2019 14:20
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Proqramının qəbul olunması dövlətimizin başçısı tərəfindən qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərdiyi qısa müddət ərzində qarşıya qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflərin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin ilk altı ayı ərzində Agentliyin səlahiyyətlərinin icrasına başlamaq üçün bir neçə istiqamətdə hazırlıq və quruculuq tədbirləri həyata keçirilib, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf və maddi-texniki bazanın formalaşdırılması, beynəlxalq əməkdaşlığın qurulması, sahibkarların və istehlakçıların yeni sistem haqqında maarifləndirilməsi istiqamətində işlər görülüb. Qeyd olunub ki, Agentliyə verilən səlahiyyətlərin icrası üçün bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib, habelə yeni normativ hüquqi aktlar qəbul olunub. Bu dövr ərzində mövcud qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə 10 Qanun qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 Fərman və 10 Sərəncam imzalanıb, bundan əlavə, Nazirlər Kabineti tərəfindən 17 Qərar qəbul edilib. Eyni zamanda beynəlxalq təcrübəyə uyğun qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirilib.
Eyni zamanda Agentliyin maddi-texniki bazasının formalaşdırılması ilə yanaşı, qida təhlükəsizliyi sisteminin vacib komponenti olan laboratoriya infrastrukturu inkişaf etdirilib və qısa müddət ərzində Bakıda və regionlarda müasir tələblərə cavab verən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ən mürəkkəb analizləri aparmağa imkan verən 21 laboratoriya qurulub.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur. Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Q. Təhməzlinin sözlərinə görə, sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir.
Tədbirdə çıxış edən dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında yeni Dövlət Proqramının qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasında böyük rol oynayacağını, qida təhlükəsizliyi sahəsində risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması istiqamətində görülən tədbirlərin daha sistemli və intensiv həyata keçirilməsinə imkan verəcəyini, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərəcəyini bildiriblər.
Qeyd edilib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” hazırlandıqdan sonra bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi təşkilatlara göndərilib və onların rəyləri nəzərə alınıb. Eyni zamanda Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərinə göndərilib və ictimai müzakirəsi təşkil edilib.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş