Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı
15 Oktyabr 2018 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Lakin, bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının ciddi pozulması hallarına yol verilir.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılmış və müvafiq laborator müayinələrin aparılıb rəylər alınması üçün nümunələr götürülmüşdür.
Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilmişdir.
Toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar təşkil edən heyvan ətlərinin ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil etməklə çoxsaylı istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bundan başqa, aparılmış istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş Həsənov Əli Tahir oğlu, Nəbiyev Şamxal Kərim oğlu, Tağıyev Vasif İbadulla oğlu və Səlimov Cahangir Xələf oğlunun birgə istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrəli və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.
Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş