Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir
7 May 2022 11:40
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində qurulmuş geniş əlaqələrdən söz açan Agentlik sədri Qoşqar Təhməzli AQTA və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliyi yanında Milli Qida Agentliyinin bu istiqamətdə birgə fəaliyyətinə uyğun olaraq həyata keçirilmiş işləri, o cümlədən sərhədyanı ərazilərdə birgə monitorinqlərin təşkili, qida sahəsində idxal-ixrac və tranzit yüklərin daşınmasına nəzarətin daha səmərəli qurulması ilə bağlı tədbirləri diqqətə çatdırıb.
Nazir Otar Şamuqia qarşılıqlı münasibətlərin qida təhlükəsizliyi sahəsi daxil olmaqla, bütün istiqamətlər üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, gələcək əməkdaşlığın perspektivləri üçün geniş imkanların olduğunu nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Gürcüstandan Azərbaycan Respublikasına cavan, diri çəkisi 140 kq-dan aşağı olan 10000 baş damazlıq iribuynuzlu heyvanların idxal edilməsi, fitosanitar sertifikatların elektron mübadiləsinin həyata keçirilməsi üçün sistemlərin inteqrasiyası, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çəyirtkəkimilərə qarşı birgə monitorinqlərin (transsərhəd müşahidələrin) davam etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin iki ölkə arasında heyvan və bitki sağlamlığı, eləcə də qida təhlükəsizliyinə dair saziş layihələrinin razılaşdırılması üzrə işlərin sürətləndirilməsi ilə bağlı razılığ əldə olunub.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş