Azərbaycanda ilk dəfə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb
19 Yanvar 2023 17:09
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Peyvəndləmə ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketləri səpələnib.
Peyvəndləmə AQTA-nın, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun mütəxəssislərinin iştirakı ilə aparılıb.
Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır.
AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.
Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. Buna görə də, müasir dünya təcrübəsinə uyğun olaraq, yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib.
Onu da qeyd edək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə həyata keçirilir.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş