Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək
28 İyun 2024 10:09
2-4 iyul tarixlərində ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbir keçiriləcək.
Beynəlxalq tədbirin məqsədi ÜHST və FAO-nun birgə tərtib etdiyi strategiya əsasında Regional Məsləhət Qrupunun texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə dabaq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.
Ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiq sertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.
Tədbir çərçivəsində beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ simulyasiya məşqlərinin keçirilməsi nəzərdə tutulur. Assosiativ simulyasiya təlimlərinin keçirilməsi epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin region ölkələrinə çatdırılması məqsədini daşıyır. Simulyasiyanın konsepsiyasına uyğun olaraq tədbirin keçirilməsi üçün ilkin nəzəri müzakirələrin və planlaşdırmanın aparılması, şərti xəstə heyvandarlıq təsərrüfatında epizootoloji monitorinqin keçirilməsi və götürülmüş diaqnostik nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalarda analiz olunması daxildir. Səyyar laboratoriyalar İnstitut tərəfindən simulyasiya keçiriləcək ərazidə quraşdırılacaq. Ətraf təbiət sahələrində müşahidələrin aparılması üçün dron tipli videokameralardan istifadə ediləcək. Simulyasiya təlimlərində Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, 2023-cü il 25-27 aprel tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi və FAO-nun Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşkilatçılığı ilə Bakı şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusunda Regional görüş keçirilib və ölkəmiz 3 il müddətinə 14 ölkənin əhatə olunduğu Mərkəzi Asiya regionu üzrə dabaq xəstəliyinə dair məsləhət qrupunun sədri seçilib. WOAH və FAO-nun birgə tərtib etdiyi strategiyaya uyğun olaraq Regional Məsləhət Qrupunun texniki tapşırığına üzv ölkələrdə dabaq xəstəliyi üzrə epizootoloji vəziyyətin stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.9-cu yarımbəndində “Heyvan xəstəliklərindən azad zonaların yaradılması imkanlarının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 5.2.32-ci yarımbəndində “Ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq heyvan xəstəliklərindən azad zonanın yaradılması” tədbirlərinin icrası istiqamətində Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisi tam, Laçın, Füzuli və Xocavənd rayonlarının əraziləri isə qismən əhatə olunmaqla “peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zona” yaradılması planlaşdırılıb.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş