Heyvan rifahı sağlam və təhlükəsiz qida istehsalının əsas şərtidir
20 May 2026 12:40
Heyvan mənşəli məhsullar gündəlik qida rasionunda mühüm yer tutur. Ət, süd və digər heyvan mənşəli məhsulların keyfiyyəti isə birbaşa heyvanların sağlamlığı və saxlanılma şəraiti ilə bağlıdır. Heyvanların rifahının qorunması yalnız məhsuldarlığın artırılması deyil, həm də təhlükəsiz qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır.
Heyvan rifahı dedikdə, onların kifayət qədər yem və su ilə təmin olunması, təhlükəsiz və rahat şəraitdə saxlanılması, xəstəlik və stressdən qorunması, eləcə də təbii davranışlarını sərbəst nümayiş etdirə bilməsi nəzərdə tutulur. Sağlam və gümrah heyvanlardan əldə olunan məhsullar daha keyfiyyətli olur və insan sağlamlığı üçün risk yaratmır.
Həddindən artıq isti və ya soyuq hava, yüksək səs-küy, hərəkətsizlik, sıx saxlanılma, keyfiyyətsiz yemləmə və kobud rəftar heyvanlarda ciddi stress yaradır. Stres nəticəsində heyvanların immun sistemi zəifləyir, məhsuldarlıq azalır və süd, ət kimi məhsulların keyfiyyətində mənfi dəyişikliklər baş verir. Bundan əlavə, stres heyvanların çoxalma qabiliyyətinə də mənfi təsir göstərir.
Heyvanların sıx saxlanılması ciddi problemlər yaradır. Belə şəraitdə yem və su uğrunda rəqabət artır, xəstəliklərin yayılma riski yüksəlir. Nəticədə antibiotiklərdən həddindən artıq istifadə edilir ki, bu da bakteriyalarda antibiotiklərə davamlılığın yaranmasına və məhsullarda antibiotik qalıqlarının toplanmasına səbəb olur.
Heyvan rifahı ətin keyfiyyətinə də birbaşa təsir edir. Kəsimdən əvvəl stresə məruz qalan heyvanlarda əzələ toxumasında biokimyəvi proseslər pozulur və nəticədə ətin keyfiyyəti aşağı düşür. Bu səbəbdən heyvanların daşınması və kəsimi zamanı humanist davranmaq, kəsimdən əvvəl isə dincəlmələrini təmin etmək vacib hesab edilir.
Təhlükəsiz və keyfiyyətli heyvan mənşəli məhsulların əldə olunması üçün təsərrüfatlarda heyvan rifahı prinsiplərinə ciddi əməl edilməlidir. Heyvanların düzgün bəslənməsi, rahat şəraitdə saxlanılması və stresdən qorunması sağlam məhsul istehsalının əsas şərtlərindəndir.
Sağlam heyvan sağlam və təhlükəsiz qidanın təminatıdır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş