Heyvan xəstəliklərindən azad statusu aldıqdan sonra ölkəmiz ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanacaq
12 Noyabr 2021 15:50
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkəmiz bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır. Bu xəstəliklərdən biri də xırdabuynuzlu heyvanların taunu (XBT) xəstəliyidir. OIE tərəfindən 2030-cu ilə kimi bütün üzv ölkələrin sözügedən xəstəlikdən azad olunması təşəbbüsü irəli sürülmüş və hazırkı dövrə kimi 59 ölkə tərəfindən bu status alınmışdır.
Xəstəlikdən azad statusun əldə edilməsi xırdabuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatının həyata keçirilməsi, eyni zamanda ölkəmizin ərazisi vasitəsilə diri heyvanların tranzit daşınmasında maneələr aradan qalxacaq və ölkələrarası əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Son illərdə AQTA mütəxəssisləri tərəfindən ölkə ərazisi üzrə aparılmış epizootoloji və seroloji monitorinqlərdə xəstəliyə aid klinik təzahürlər və törədicisinə rast gəlinməmişdir ki, bu da epizootik stabilliyin qorunub saxlanıldığını göstərir. Respublikanın ərazisində epizootik vəziyyətin nəzarətdə saxlanması və xəstəliyin yayılma areallarının öyrənilməsi üçün Agentlik tərəfindən müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da genişləndirilmişdir. Belə ki, FAO-nun “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması layihəsi” çərçivəsində XBT-yə görə aktiv nəzarət sisteminin yaradılması və xəstəlikdən azad olmanın müəyyən edilməsi planının tətbiqi kimi tədbirlər həyata keçirilir.
XBT-dən azad statusun alınması üçün həyata keçirilmiş xüsusi təyinatlı epizootiya əleyhinə tədbirlər barədə sənədlər toplusu tərtib olunmalı və 2022-ci ilin üçüncü rübündə OIE-yə təqdim edilməlidir. Görülmüş işlərin qiymətləndirilməsi və sözügedən sənədlər toplusunun hazırlanmasına dəstəyin göstərilməsi üçün FAO-nun Baş Qərargahının ekspertləri Dr. Susanne Munstermann və Dr. Kamila Benfield hazırda respublikamızdadırlar. Ölkə hesabatı qəbul edildiyi təqdirdə ölkəmizə XBT-dən azad status veriləcəkdir ki, nəticədə ixracatçı və tranzit ölkə kimi mühüm üstünlüklər qazanmaqla Azərbaycan regionda bu istiqamətdə ilk ölkə olacaqdır.
Oxşar xəbərlər
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş