Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
2 May 2018 00:00
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən mərasimdə çıxış edən Baş İdarənin rəisi Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və korrupsiyaya qarşı digər mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kamran Əliyev memorandumun imzalanmasının istər korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də digər əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirib, bu sənədin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyinə əminliyini bildirib.
Əhalinin sağlamlığının mühafizəsi və keyfiyyətli ərzaq tələbatının ödənilməsi baxımından mühüm strateji sahə olan qida sektorunda şəffaflığın təmin edilməsi üçün mövcud olan geniş hüquqi və institusional vasitələrin səmərəli tətbiqi imkanlarından danışan K.Əliyev bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkarlanmasına və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyənləşdirilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasının sevindirici hal olduğunu vurğulayıb. Ölkədə həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında da olduqca mühüm vəzifələrin qoyulduğunu deyən Q.Təhməzli Agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı baş verə biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə baş idarə və eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına əvəzsiz töhfə verəcəyini diqqətə çatdırıb. O, birgə fəaliyyət istiqamətində əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirib.
İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirdə məlumat verilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi yönündə reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son illər qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlər qazanılıb, nəzarət sisteminin müasir tələblərə uyğunlaşdırılması üçün əlverişli hüquqi baza yaradılıb.
Görülmüş tədbirlərin davamı kimi, dövlətimizin başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmanına əsasən, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla əhalinin sağlamlığının qorunması ilə bağlı insan və vətəndaş hüquqlarına dövlət təminatının etibarlılığını daha da gücləndirib.
Agentliyin digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində baş prokuror Zakir Qaralovun və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bu ilin martında keçirilmiş görüşündə iki qurum arasında qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı korrupsiya hüquqpozmalarının müəyyən edilməsinə dair əməkdaşlığın təkmilləşdirilməsi və tədbirlərin genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb. Bununla bağlı mövcud olan milli fəaliyyət planlarının birgə icra edilməsi imkanları nəzərdən keçirilib, o cümlədən Agentlik ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Anlaşma Memorandumunun imzalanmasına dair ilkin razılıq əldə olunub.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
Giriş