Şənlik mərasimlərinin keçirildiyi ictimai iaşə müəssisələrində nələrə diqqət olunmalıdır?
2 İyul 2021 16:50
İnsanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, şənlik mərasimlərinin keçirildiyi ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət etmələri zəruri şərtlərdəndir.
Şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Eləcə də, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsul şəxslər tərəfindən operativ nəzarətin mütəmadi qaydada həyata keçirilməsi zəruridir.
Qaydalara əsasən, şənlik mərasimlərində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir və sahibkarlar tərəfindən bu tələbin icrasına nəzarət edilməlidir. İctimai iaşə müəssisəsində karantin rejiminin tələblərinə riayət olunması üzrə əlaqələndirici məsul şəxs təyin edilməli, obyektlərinin giriş-çıxışlarında, masalarda, kassalarda, sanitar qovşaqlarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğular (dispenserlər) yerləşdirilməli və həmin qurğular işlək vəziyyətdə olmalıdır. Qida qəbulu zallarında, otaqlarda, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Bununla yanaşı, koronavirus (COVID-19) pandemiyası dövründə restoranlar üçün adambaşına 100 nəfərə qədər 5.08 m², 100 nəfərdən sonrakı hər adam üçün əlavə 4.4 m² tələbinin yerinə yetirilməsi zəruri şərtlərdəndir. Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Portala daxil edilmiş bu məlumatlara dair çıxarış monitorinqə gələn Agentliyin müfəttişlərinə təqdim edilməlidir.
AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş