Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasən, 1 Dekabr tarixinədək dünya üzrə blutanq, nodulyar dermatit, dabaq və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Məlumatlarla ətraflı aşağıdakı infoqrafikada tanış ola bilərsiz.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Biləcik vilayətində dabaq xəstəliyi, Kipr Respublikasının Larnaka rayonunda blutanq xəstəliyi, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, İrlandiya Respublikasının Monahan, Liş kantonlarında, Belçika Krallığının Valoniya regionunda, Niderland Krallığının Zelandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Federal Dövlət Büdcə Təşkilatı – “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) olublar. AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qonaqlara ölkəmizdə heyvan sağlamlığının qorunması, həmçinin rifahının təmin edilməsi istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Azərbaycanın 2024-cü ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad ölkə kimi tanındığını qeyd edən Qalib Əbdüləliyev idxal-ixrac əməliyyatları zamanı bütün qida məhsullarının risk əsaslı nəzarət tədbirlərinə cəlb olunduğunu bildirib. Qonaqlara məhsul partiyalarından nümunə götürmə prosedurları, nümunələrin daşınması qaydaları, həmçinin təsərrüfatlarda heyvanların saxlanma şəraiti barədə məlumatlar verilib.
Cari ilin 8-12 dekabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Quş qripi xəstəliyinə qarşı keçiriləcək epizootoloji monitorinqlərə dair videoçarx:
Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən epizootoloji komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında monitorinq keçirilib. Monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir. Aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir. Belə ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə irəliləyir. Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub. Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam edir. Abşeron, Masallı, Qazax, Xaçmaz, Zaqatala rayonlarında yerləşən heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur. Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq. Heyvan bazarlarında aparılan yenidənqurma işlərinə dair videoçarx:
Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Cəlilabad rayonunun Cavadxan küçəsində yerləşən, fiziki şəxs Quliyev Şamil Əzim oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib. Ət məhsulları satışdan çıxarılaraq möhürlənib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Dolj kantonunda xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Polşa Respublikasının Opolsk, Slask inzibati ərazilərində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Cənubi Lanarkşir inzibati ərazi vahidində və Uelsin Pouis kantonunda, Almaniya Federativ Respublikasının Hessen vilayətində, Portuqaliya Respublikasının Porto, Lissabon dairələrində, Niderland Krallığının Şimali-Hollandiya əyalətində, Danimarka Krallığının Mərkəzi Danimarka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Ölkə ərazisində yerləşən heyvan bazarlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində yenidənqurma və təmir-bərpa işləri davam etdirilir. Görülən tədbirlər çərçivəsində Göygöl və Biləsuvar rayonlarında yerləşən heyvan bazarlarının da müasir tələblərə uyğunlaşdırılması istiqamətində rekonstruksiya işlərinə başlanılıb. Belə ki, sözügedən bazarlarda infrastrukturun yenilənməsi mərhələli şəkildə davam etdirilir. Ərazinin giriş və çıxış hissələrində dezbaryerlərin quraşdırılması və asfaltlanma işləri icra olunur. Həmçinin, xəstə heyvanların sağlam heyvanlardan ayrılması üçün xüsusi izolyator sahələrinin yaradılması, satış sahələrinin standartlara uyğunlaşdırılması və infrastrukturun yaxşılaşdırılması işləri də aparılır. Bazarlarda iri buynuzlu və xırda buynuzlu heyvanlar üçün ayrı-ayrı funksional bölmələrin yaradılması da təmin edilir. Eyni zamanda, qanunvericiliyə uyğun olmayan ictimai iaşə obyektləri bazar ərazilərindən kənarlaşdırılır. AQTA bildirir ki, təmir və bərpa işləri tamamlandıqdan sonra bazarların fəaliyyətə başlaması məsələsi qiymətləndiriləcək.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Avropa Regionunda Baytarlıq Xidmətlərində Vahid Sağlamlıq Birgə Fəaliyyət Planının tətbiqinin sürətləndirilməsi” mövzusunda regional tədbirdə iştirak edib. Z.Mustafayeva region ölkələrinin nümayəndələri ilə birlikdə qida təhlükəsizliyi və zoonoz xəstəliklərə qarşı mübarizədə rəqəmsal həllərin tətbiqi, eləcə də ölkələrin qabaqcıl təcrübələrinin mübadiləsi ilə bağlı müzakirələrə qoşulub. Qida zəncirində risklərin idarə olunması üzrə keçirilən qrup çalışmalarına qatılıb. Tədbirin son günü qlobal təhlükə kimi diqqət mərkəzində olan “Antimikrob Rezistentlik” mövzusunda və bu sahədə “Vahid Sağlamlıq” yanaşmasının tətbiqi ilə bağlı çıxış edib. 18-20 noyabr tarixlərini əhatə edən tədbirdə Avropa Komissiyası, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı və Avropa ölkələrinin baytarlıq nəzarəti qurumlarının rəhbər nümayəndələri iştirak ediblər. Seminarda “Vahid Sağlamlıq” yanaşması siyasətinin gündəliyi və dördtərəfli fəaliyyətlər, baytarlıq sahəsində kadr potensialının gücləndirilməsi və təhsil proqramlarının akkreditasiyası müzakirə olunub. Həmçinin zoonoz və vektorlarla keçən xəstəliklərin, o cümlədən Qərbi Nil qızdırması və yüksək patogen quş qripi kimi təhlükələrin izlənilməsi, qida zəncirində risklərin xəritələnməsi və qida mənşəli zoonoz xəstəliklərə qarşı mübarizədən danışılıb. Qeyd edək ki, bu kimi beynəlxalq platformalarda iştirak Azərbaycanın baytarlıq və qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən heyvan bazarlarında yenidənqurma işləri intensiv şəkildə davam etdirilir. Epizootoloji stabilliyin qorunması məqsədilə bazar rəhbərlikləri işlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq həyata keçirirlər. Bu istiqamətdə Abşeron rayonunun Məmmədli kəndində fəaliyyət göstərən heyvan bazarına baxış keçirilib, sahibkara nümunəvi eskiz layihə təqdim olunub və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Artıq bazar rəhbərliyi layihəyə uyğun şəkildə yenidənqurma işlərinə başlayıb. Agentliyin regional bölmələri tərəfindən prosesə nəzarət olunur və işlərin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir. Qeyd edək ki, yenidənqurma işləri tam başa çatdıqdan sonra bazarın açılması məsələsinə baxılacaq. Abşeron rayonunun Məmmədli kəndində fəaliyyət göstərən heyvan bazarında görülən işlərə dair videolink:
Ölkə üzrə heyvan bazarlarında aparılan rekonstruksiya işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında AQTA əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır. Bazarda Agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib. Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib. Şamaxı heyvan bazarında görülən işlərə dair videolink:
Giriş