Ölkəmizdə 27-28 may tarixlərində müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək. Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir. Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Nümayəndələr Assambleyasının 93-cü Baş Sessiyası işə başlayıb.
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baş Qərargahında İdarəetməyə Nəzarət Komitəsinin 10-cu görüşü keçirilir. Komitənin işində ölkəmizi AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev təmsil edir. Tədbirin gündəliyinə dünya heyvan sağlamlığı sistemində aparılacaq islahatların planı, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində insan-heyvan-ətraf mühit sağlamlığının qorunması, qida təhlükəsizliyi, həmçinin maliyyələşmə və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi məsələləri daxildir.
Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədəki epizootik salamatlığın və ölkə ərazisinə zoonoz mənşəli infeksiyaların daxil olmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. 2026-cı ilin 12 may tarixində "Ana Vətən Aqro" MMC tərəfindən Gürcüstan Respublikasının “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida Təhlükəsizliyi Nəzarəti məntəqəsində kliniki müayinədən keçirilib. Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur. Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 6-10 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində və 4 rayonun (şəhər) 72 ailə təsərrüfatında müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvanların peyvəndləmə prosesinə dair təlimatlandırıcı videoçarx hazırlanıb. Bildirilib ki, ölkədə epizootik sabitliyin qorunması və heyvan sağlamlığının təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qarayara, dabaq, nodulyar dermatit, bruselyoz, çiçək, itlərin quduzluq, təkdırnaqlı heyvanların isə rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndlənməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Peyvəndləmələr aidiyəti dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədə istifadə ediləcək vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən cavabdeh şəxsə göstərilməlidir. Hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Aparılan hər bir peyvəndləmə haqqında məlumatlar heyvanın pasportuna, heyvanların identifikasiyası və qeydiyyatı sisteminə və ya dövlət baytarlıq uçot formalarına qeyd edilməlidir. Qeyd olunub ki, təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və sağlamlaşdırıcı tədbirlərlə bağlı qarşılaşdıqları məsələlər üzrə Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Daha ətraflı: https://youtu.be/5K5rtE-fIYA
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2026-cı il 18-22 may tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara ümumi baxış keçiriləcək. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM) və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər. Tədbir müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaqdır.
Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır. Vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları peyvəndləmək olmaz. Peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir. Qarşılaşdığınız hər hansı problem və ya sual üçün 1003 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Giriş