Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir. Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən “Erkən kəsimə son!” kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirlərinə başlanılıb. Kampaniya çərçivəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində AQTA tərəfindən hazırlanan məlumatlandırıcı buklet və flayerlər paylanılıb. Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah olunub. Maarifləndirici materiallarda qeyd edilib ki, quzuların erkən kəsilməsi nəticəsində əldə olunan ət tam formalaşmadığından qida dəyəri aşağı olur. Bununla yanaşı, erkən kəsim heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir. Bildirilib ki, kampaniyanın əsas məqsədi fermerlər, heyvandarlıqla məşğul olan şəxslər və ictimaiyyət arasında maarifləndirməni gücləndirmək, erkən kəsim hallarının qarşısının alınmasına ictimai dəstəyi artırmaqdır. Qeyd edək ki, bu günədək kampaniyaya millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq təşəbbüsə dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.
27-28 may tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını genişləndirib. Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Satış və kəsim məntəqələrində yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar vətəndaşlara təqdim ediləcək, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək. Eyni zamanda vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda AQTA ilə razılaşdırılmaqla yerli icra hakimiyyəti orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. Həmin məntəqələrdə qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq nəzarəti altında təşkil ediləcək. AQTA vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri qurban kəsimini dini ayinlərlə yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Heyvan mənşəli məhsullar gündəlik qida rasionunda mühüm yer tutur. Ət, süd və digər heyvan mənşəli məhsulların keyfiyyəti isə birbaşa heyvanların sağlamlığı və saxlanılma şəraiti ilə bağlıdır. Heyvanların rifahının qorunması yalnız məhsuldarlığın artırılması deyil, həm də təhlükəsiz qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Heyvan rifahı dedikdə, onların kifayət qədər yem və su ilə təmin olunması, təhlükəsiz və rahat şəraitdə saxlanılması, xəstəlik və stresdən qorunması, eləcə də təbii davranışlarını sərbəst nümayiş etdirə bilməsi nəzərdə tutulur. Sağlam və gümrah heyvanlardan əldə olunan məhsullar daha keyfiyyətli olur və insan sağlamlığı üçün risk yaratmır. Həddindən artıq isti və ya soyuq hava, yüksək səs-küy, hərəkətsizlik, sıx saxlanılma, keyfiyyətsiz yemləmə və kobud rəftar heyvanlarda ciddi stres yaradır. Stres nəticəsində heyvanların immun sistemi zəifləyir, məhsuldarlıq azalır və süd, ət kimi məhsulların keyfiyyətində mənfi dəyişikliklər baş verir. Bundan əlavə, stres heyvanların çoxalma qabiliyyətinə də mənfi təsir göstərir. Heyvanların sıx saxlanılması ciddi problemlər yaradır. Belə şəraitdə yem və su uğrunda rəqabət artır, xəstəliklərin yayılma riski yüksəlir. Nəticədə antibiotiklərdən həddindən artıq istifadə edilir ki, bu da bakteriyalarda antibiotiklərə davamlılığın yaranmasına və məhsullarda antibiotik qalıqlarının toplanmasına səbəb olur. Heyvan rifahı ətin keyfiyyətinə də birbaşa təsir edir. Kəsimdən əvvəl stresə məruz qalan heyvanlarda əzələ toxumasında biokimyəvi proseslər pozulur və nəticədə ətin keyfiyyəti aşağı düşür. Bu səbəbdən heyvanların daşınması və kəsimi zamanı humanist davranmaq, kəsimdən əvvəl isə dincəlmələrini təmin etmək vacib hesab edilir. Təhlükəsiz və keyfiyyətli heyvan mənşəli məhsulların əldə olunması üçün təsərrüfatlarda heyvan rifahı prinsiplərinə ciddi əməl edilməlidir. Heyvanların düzgün bəslənməsi, rahat şəraitdə saxlanılması və stresdən qorunması sağlam məhsul istehsalının əsas şərtlərindəndir. Sağlam heyvan sağlam və təhlükəsiz qidanın təminatıdır.
Ölkəmizdə 27-28 may tarixlərində müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək. Qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir. Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Nümayəndələr Assambleyasının 93-cü Baş Sessiyası işə başlayıb.
Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baş Qərargahında İdarəetməyə Nəzarət Komitəsinin 10-cu görüşü keçirilir. Komitənin işində ölkəmizi AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev təmsil edir. Tədbirin gündəliyinə dünya heyvan sağlamlığı sistemində aparılacaq islahatların planı, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində insan-heyvan-ətraf mühit sağlamlığının qorunması, qida təhlükəsizliyi, həmçinin maliyyələşmə və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi məsələləri daxildir.
Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədəki epizootik salamatlığın və ölkə ərazisinə zoonoz mənşəli infeksiyaların daxil olmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. 2026-cı ilin 12 may tarixində "Ana Vətən Aqro" MMC tərəfindən Gürcüstan Respublikasının “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida Təhlükəsizliyi Nəzarəti məntəqəsində kliniki müayinədən keçirilib. Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb. Qeyd olunan kliniki əlamətlər heyvanlarda yoluxucu xəstəliklərin əlamətidir ki, bu hal təhlükəsizlik baxımından riskli hesab olunur. Mövcud riskləri nəzərə alaraq, heyvanların ölkə ərazisinə idxalına icazə verilməyib və bütövlükdə yük partiyası geri qaytarılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.
Giriş