28 sentyabr Ümumdünya Quduzluq Xəstəliyi ilə mübarizə günüdür
28 Sentyabr 2018 00:00
Quduzluq insan və heyvanlar üçün ciddi təhlükə törədən virus mənşəli xəstəlikdir. Xəstəlik törədiciləri ətyeyən vəhşi heyvanlardır. Bu heyvanlar sahibsiz itlər və digər heyvanlarla təmasda olduqlarından quduzluq xəstəliyinin yayılmasının qarşısının tam alınması mümkün olmamışdır. Müxtəlif məqsədyönlü tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bu xəstəliyə nadir hallarda olsa da, respublikamızda insan və heyvanlararasında rast gəlmək mümkündür.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan etmiş və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoymuşdur. OIE-nin məlumatına əsasən, hər il dünyada 60000 insan quduzluqdan dünyasını dəyişir. İnsanların 95%-i bu xəstəliyə sahibsiz və quduzluğa qarşı peyvənd olunmamış itlər tərəfində yoluxur. Afrika və Asiya dövlətləri quduzluğa görə ən yüksək riskə malik olan ərazilərdir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, təşkilatın dəstəyi ilə vahid strategiya hazırlanaraq həyata keçirilməyə başlanmışdır.
Quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə ölkəmizdə itlər arasında peyvəndləmə aparılır. Eləcə də vəhşi heyvanlar arasında quduzluq müşahidə edildikdə, təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və diaqnostik nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun milli və regional istinad laboratoriyalarına göndərilir. Eyni zamanda bu sahədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində IDEA İctimai Birliyinin “IDEA Heyvanlara Qayğı Mərkəzi” (IACC) fəaliyyət göstərir. Mərkəz əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqi istiqamətində fəaliyyət göstərir.
Quduzluq xəstəliyindən qorunmaq və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşəbbüsünə töhfə verməklə xəstəliyin kökünün kəsilməsi məqsədi ilə it, pişik və digər ətyeyən heyvanların sahibsiz və nəzarətsiz saxlanılmasına yol verməmək, onların qeydiyyatdan keçirilərək baytarlıq mütəxəssisləri tərəfindən zəruri profilaktik tədbirlərə cəlb etmək tövsiyə olunur.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.