Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
26 May 2025 12:34










Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür.
Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir.
Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
Oxşar xəbərlər

AQTA ötən il Dövlət Proqramının icrasını uğurla həyata keçirib
AQTA tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş 12 prioritet istiqamət üzrə 71 tədbirin icrası ilə bağlı 2024-cü il üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən tədbirlər üzrə ümumi icra vəziyyəti 90 %, gözlənilən təsir indikatorlarına görə isə 100% olub.

Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olundu
Məlum olduğu kimi, ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qərarı ilə bir sıra heyvan xəstəliklərindən, o cümlədən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb. Əldə olunmuş nəticələr ölkəmizin biotəhlükəsizliyinin təmin olunması ilə yanaşı, həmçinin bu istiqamətdə ixrac potensialını daha da genişləndirir. Hazırda işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir. Ancaq təəssüflə qeyd edək ki, ölkəmizin bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə olunur. Bütün bunlar ölkəmizdə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur. Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilər. Bildirilir ki, heyvanların ictimai iaşə obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq Agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcəkdir.

AQTA qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib
Qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak olunur. Hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac olunur. Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir. Həmin məhsullar isə Salyan rayonu, Şorsulu kəndində "AZARIFROG" MMC və Masallı rayonu, Qızılağac kəndində "Az Fish and Frog" MMC qurbağa emalı müəssisələrində yetişdirilir. Son günlər media səhifələrində paytaxtın bəzi restoranlarında təklif edilən qurbağa məhsulları ilə bağlı "dırnaqarası ekspertlər" tərəfindən səsləndirilən əsassız iddialara gəldikdə isə bildirilir ki, istənilən qida məhsulunun saxlanma şəraitinə və emal qaydalarına əməl olunmadıqda tərkibində mikroorqanizmlər inkişaf edə bilər. Qeyd olunan prinsiplər yalnız qurbağa ətinə deyil, bütün qida məhsullarına aiddir.
