Agentliyin loqosu ictimaiyyətə təqdim edilib
14 Mart 2018 00:00












Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.
Tədbir Bakı Media Mərkəzinin binasında baş tutub. Tədbirə açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Media Mərkəzi ilə qurulacaq əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qida Təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının, geniş maarifləndirmə aksiyalarının vacibliyini bildirən Qoşqar Təhməzli həyata keçiriləcək bu işlər sayəsində vətəndaşların qida məhsullarını daha şüurlu şəkildə istifadə edəcəyini bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinın loqosu ictimaiyyətə təqdim edilib. Bakı Media Mərkəzinin direktoru Orman Əliyevin ictimaiyyətə təqdim etdiyi Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi olan sünbülün elementlərində istifadə olunduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
