AQTA balıq və balıq məhsulları ilə bağlı xəbərdarlıq edir
18 Sentyabr 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.
Bildirilir ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinə Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur. Qida Təhlükəsizliyi Agentliyi bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.
Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.
Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.
Qeyd edək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.