AQTA-da 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib
31 Yanvar 2019 11:56
Yanvarın 31-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2018-ci il ərzində Agentliyin fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, maddi-texniki bazanın yaradılması, kadr potensialının inkişaf etdirilməsi və digər istiqamətlərdə görülən işlərdən danışıb.
Tədbirdə Agentliyin 2018-ci ilin iyul-dekabr ayları ərzində baytarlıq, fitosanitariya və qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi nəzarət tədbirləri haqqında ətraflı məlumat verib. Agentlik sədri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına və regional sınaq laboratoriyalarına 21797 patoloji material nümunəsi daxil olduğunu, aparılmış təhlillər nəticəsində 1315 (6%) halda infeksion və invazion xəstəliklər aşkar edildiyini qeyd edib. Onlardan 823 halda invazion xəstəliklər, 155 halda brusellyoz, 94 halda xlamidioz, 104 halda pasterellyoz, 31 halda quduzluq və 108 halda digər xəstəliklər müəyyən edildiyini deyib. Ölkə ərazisində xəstəlik hallarının coğrafi paylanması, klinik simptomlar arasında əlaqə və yayılma tezliyi nəzərə alınmaqla, aparılmış seroloji monitorinqlərin nəticələri təhlil edilib və risk səviyyəsindən asılı olaraq aidiyyəti üzrə göstərişlər verilib. Seroloji monitorinqlərin icra planına uyğun olaraq 720 qan, 50 ədəd patoloji material və digər diaqnostik materiallar müayinə edilib. Aparılmış müayinələr nəticəsində yüksək patogenli quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib.
Bundan əlavə, baytarlıq-sanitariya ekspertizası çərçivəsində baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə 2036 xəbərdarlıq, 30 ton bal dövriyyədən çıxarılmış, yüklərdən təkrar nümunə götürülmə ilə bağlı 99, habelə məhvetmə ilə bağlı icrası məcburi 29 (7750 kq ət; 18792 kq ət məhsulları), məhdudlaşdırıcı 21 tədbirin tətbiqi barədə qərar qəbul edilib. Gürcüstandan idxal edilmiş Ukrayna mənşəli 34,2 ton mal əti at əti ilə qarışıq olduğu üçün ixracatçı ölkəyə geriyə qaytarılib.
Ölkə üzrə həyata keçirilmiş fitosanitar ekspertizası nəticəsində, bitki bə bitkiçilik məhsullarından 41048 nümunə götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna göndərilib. Aparılmış müayinələrin nəticələrinə əsasən, bitki və bitkiçilik məhsullarında 461 halda karantin və xüsusi təhlükəli zərərli orqanizm aşkar edilib. Aşkar edilmiş zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq, zərərli orqanizmlərin yayılma arealının müəyyən edilməsi və təcili fitosanitar tədbirlərin görülməsinin zəruriliyi barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları olmaqla, ümumilikdə, 17 nəqliyyat vasitəsi İran İslam Respublikasına və Gürcüstan Respublikasına geri qaytarılıb. Həmçinin idxal zamanı karantin tətbiq edilən zərərli orqanizm aşkar olunmuş 153,8 ton, ixrac olunan məhsullar üzrə 4330 kq, monitorinqlər çərçivəsində isə 16,4 ton bitki və bitkiçilik məhsulu məhv edilib. Ümumilikdə, verilmiş fitosanitar icazə sənədləri əsasında 993505,6 ton, 136347 m3 bitki və bitkiçilik məhsullarına fitosanitar baxış keçirilib.
2018-ci ilin iyul-dekabr ayları ərzində müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla 148 plandankənar (növbədənkənar) yoxlama aparılıb. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına əsasən, İnzibati Xətalar Məcəlləsinin iş üzrə icraatına uyğun olaraq Agentliyin səlahiyyətlərinə daxil edilən maddələr üzrə cəmi 98 inzibati xəta haqqında işə baxılıb, 117 inzibati xəta haqqında protokol tərtib edilib, 93 inzibati tənbeh vermə qərarı qəbul edilib. Onlardan 1-i şərti cərimə, 5 xəbərdarlıq, 87 inzibati cərimə (105150 AZN) tətbiq edilib. Bundan əlavə, aparılmış sanitar-gigiyena ekspertizası nəticəsində 58 məhdudlaşdırıcı tədbir tətbiq olunub. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 20 ədədi istehsalın dayandırılması, 14 ədədi məhsul (məhsul partiyasının) satışının dayandırılması, 8 ədədi işçi heyət üzvünün (üzvlərinin) işdən kənarlaşdırılması, 7 ədədi istehsalın ayrı-ayrı proseslərinin dayandırılması, 7 ədədi məhsul istehsalının qadağan edilməsi, 1 ədədi məhsulun (məhsul partiyasının) dövriyyədən çıxarılması, 1 ədədi məhsulun (məhsul partiyasının) geri çağrılması barədə qərar qəbul edilib.
Qeyd olunub ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə qida məhsulları sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. Qanunvericiliyə əsasən, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Agentlik tərəfindən həyata keçirilir. Agentliyin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən indiyədək 2401-i ilk dəfə qeydiyyata alınmaq, 24-ü reyestr məlumatlarında dəyişiklik və 1-i dövlət reyestrindən təkrar çıxarışın verilməsi üçün olmaqla, qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 2426 müraciət qəbul edilib. Qəbul edilmiş müraciətlərin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na uyğun həyata keçirilən qiymətləndirmənin nəticələri əsasında 1903 subyekt qeydiyyata alınaraq dövlət reyestrinə daxil edilib.
Tədbirdə qeyd olunub ki, Agentlik qida təhlükəsizliyi sahəsində nəzarəti həyata keçirməklə yanaşı, eyni zamanda Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan islahatlara uyğun fəaliyyət göstərməkdədir. Ümumilikdə, Agentliyin birbaşa təşkilatçılığı ilə 15, birgə təşkilatçılığı ilə isə 4 tədbir həyata keçirilib və həmin tədbirlərdə müxtəlif sahələr üzrə 1600-dək sahibkar iştirak edib. Ötən müddət ərzində yerli sahibkarlarla yanaşı, xarici sahibkarlarla da əməkdaşlıq əlaqələri qurulub. Dünyanın nəhəng qənnadı məmulatları istehsalçısı olan “Ferrero Rocher” şirkəti ilə Gürcüstandan ixrac edilməsi nəzərdə tutulan fındıq və fındıq məhsullarının məhz Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizadan keçirilməsi ilə bağlı razılıq əldə edilib.
Q. Təhməzli bildirib ki, ötən dövr ərzində qida təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi, istehlakçıların hüquqlarının müdafiəsi, habelə qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçılarla yanaşı, sahibkarların maarifləndirilməsi istiqamətində də ardıcıl olaraq tədbirlər həyata keçirilib. Eyni zamanda istehlakçıların prosesdə iştirakını təmin etmək məqsədi ilə fasiləsiz olaraq vətəndaş şikayətlərinin qəbul olunması üçün “Qaynar xətt” (1003 xidməti) xidməti fəaliyyətə başlayıb və müvafiq dövr ərzində 9000-dən artıq vətəndaş müraciəti və şikayətləri qəbul olunaraq qanunvericilik tələbləri çərçivəsində icrası təmin edilib. Bununla yanaşı, kütləvi informasiya vasitələrindən, sosial mediadan daxil olmuş suallar və məlumatlar əsasında araşdırmalar aparılmış, ictimaiyyətin obyektiv şəkildə məlumatlandırılması həyata keçirilib. Qida təhlükəsizliyi mövzularında əhalinin maarifləndirilməsi istiqamətində TV, radio və elektron mediada çoxsaylı proqramlar hazırlanıb, insanları narahat edən mövzulara aydınlıq gətirilib. Eyni zamanda qida təhlükəsizliyi ilə əlaqədar müxtəlif maarifləndirici videoçarxlar hazırlanıb və KİV-də fasiləsiz yayımı həyata keçirilib. Təbliğat-təşviqat işləri çərçivəsində “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici layihəsi çərçivəsində Zərifə Əliyeva adına uşaq bağçasında, 20 nömrəli məktəb liseydə, Azərbayacn Dillər Universitetində görüşlər keçirilib, “Sağlam məktəbli” layihəsi çərçivəsində isə məktəblərdə 10-dan artıq maarifləndirmə tədbirləri təşkil edilib. Agentliyin rəsmi internet səhifəsi ilə yanaşı, bir sıra sosial şəbəkə hesabları yaradılmış və buradan mütəmadi olaraq maarifləndirici, o cümlədən istehlakçı hüquqlarının qorunması istiqamətində zəruri məlumatlar paylaşılmaqdadır.
Q. Təhməzli qeyd edib ki, Agentliyin beynəlxalq əlaqələrinin inkişafv edirilməsi istiqamətində də zərurui tədbirlər görülüb. İkitərəfli əməkdaşlıq çərçivəsində Agentlik tərəfindən Tacikistan ilə baytarlıq sahəsində əməkdaşlıq sazişi imzalanıb, 7 ölkə (Bosniya və Herseqovina, Bolqarıstan, Vyetnam, Çin, Ukrayna, Qətər, Fransa) ilə isə Agentliyin fəaliyyət istiqamətlərinə uyğun 9 saziş layihəsi hazırlanıb. Bundan əlavə, beynəlxalq donor təşkilatları ilə əməkdaşlığın daha səmərəli təşkil olunması, habelə layihələrin effektiv idarə olunması üçün Dünya Bankı (WB), Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər beynəlxalq təşkilatların da iştirakı ilə Donor Təşkilatların Əlaqələndirmə görüşü keçirilib. 2018-ci ilin 18 may tarixində Qida Təhlükəsizliyi Agentliyinin, Dünya Bankının və Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı, beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə “Təhlükəsiz qida ilə sağlam gələcəyə” mövzusunda 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı baş tutub. Həmin konfransda qida təhlükəsizliyi sahəsində aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Agentlik sədri gələcəkdə görüləcək işlər barədə də ətraflı məlumat verib. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: