AQTA-da beynəlxalq ekspertlə görüş keçirilib
12 Fevral 2019 16:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Sanitar və Fitosanitar Sorğu Mərkəzi üzrə beynəlxalq ekspert Colm Halloran ilə görüş keçirilib. Görüş Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.Görüşün əsas müzakirə mövzusu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Sanitar və Fitosanitar Sorğu və Bildiriş Mərkəzi”nin təsis edilməsi ilə bağlı olub.
Agentliyin sədrinin müşaviri Elxan Mikayılov sorğu və bildiriş mərkəzinin qida təhlükəsizliyi üzrə hazırlanan yeni qanun layihəsində nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, adıçəkilən sorğu və bildiriş mərkəzi vasitəsilə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar normaları Azərbaycanın ticarət tərəfdaşlarına göndəriləcək, eyni zamanda, ölkəmizin ticarətində mühüm rol oynayan məlumatlar tərəfdaş ölkələrdən asanlıqla əldə olunacaq.
Sanitar və Fitosanitar Sorğu Mərkəzi üzrə beynəlxlaq ekspert Colm Halloran vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “SFS Sorğu Mərkəzinin” təsis edilməsi ölkəmizin beynəlxalq səviyyədə ÜTT-ə üzv ölkələrlə sıx əlaqə yaratması və beynəlxalq ticarətdə bir çox maneələrin aradan qaldırılmasında mühüm rol oynayacaq.
Sonda ekspert “SFS Sorğu Mərkəzi”nin iş prinsipi ilə bağlı Agentliyin əməkdaşlarının suallarını cavablandırıb.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çin Xalq Respublikasının Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Heyvanları nodulyar dermatit xəstəliyindən necə qorumaq olar?
Nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla əsasən, yaz və yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və digər virus daşıyıcılarıdır. Bu virus içməli su, yem, süd, şpris vasitəsi ilə və ya birbaşa təmas yolu ilə yayıla bilir. İnfeksiya qansoran həşəratların dişləməsi ilə ötürülür. Xəstəliyin yoluxma baş vermiş ərazilərdən heyvanların hərəkəti zamanı da yayılması mümkündür. Nodulyar dermatit zamanı heyvanların dərisində düyünlər yaranır. Bu xəstəlik yüksək hərarət, iştahasızlıq, dəridə 1-5 sm ölçüdə yumru düyünlər, əksər hallarda düyünlərin mərkəzində qaysağın əmələ gəlməsi, gözlərin sulanması, burun axıntısının çoxalması, çənəaltı və digər limfa düyünlərinin şişməsi, nadir hallarda boğaz heyvanlarda balasalma ilə müşahidə olunur. Nodulyar dermatit xəstəliyi ilə mübarizə məqsədilə mütləq heyvanlar arasında dövri peyvəndlənmə aparılmalı, sistematik olaraq həşəratlar əleyhinə preparatlardan istifadə edilməli, təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri gücləndirilməlidir. Peyvəndlənmə dövlət vəsaiti hesabına müvafiq qurumlar tərəfindən aparılır. Peyvəndlənmə ilə yaranan immunitet vaksindən asılı olaraq, heyvanları 1 ildən artıq müddət ərzində xəstəlikdən qoruya bilər.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 30 sentyabr - 4 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərləri və Cəlilabad, Ağcabədi, Tərtər rayonlarında fəaliyyət göstərən 34 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.