AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
8 Avqust 2024 14:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Bu istiqamətdə əvvəllər nöqsanlar aşkarlanmış heyvan bazarlarında yenidən monitorinqlər keçirilib. Monitorinqlər zamanı Bakı şəhərində, Abşeron, Şamaxı, Gəncə, Gədəbəy, Göyçay, Biləsuvar, Salyan və Bərdə rayonlarında fəaliyyət göstərən heyvan bazarlarında nöqsanların qismən aradan qaldırıldığı müəyyən olunub. Ağdaş, Ağcabədi, Beyləqan, Qəbələ, Şəki, Zaqatala, Sabirabad, Balakən, Cəlilabad, Masallı, İmişli, Tovuz, Gədəbəy, Xaçmaz və Ağsu rayonlarında yerləşən heyvan bazarlarında isə əvvəllər aşkarlanmış nöqsanların hələ də aradan qaldırılmadığı müəyyən olunub. Həmin bazarların rəhbərlərinə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə riayət olunması barədə icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah edilib.
Qeyd edək ki, monitorinqlər zamanı bəzi bazarların ərazisinin hasarla sərhədlənmədiyi, giriş və çıxışda dezobaryerlərin quraşdırılmadığı, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmadığı, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilmədiyi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarıldığı, ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmadığı və digər nöqsanlar aşkar edilib. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması zəruri şərtlərdəndir. Göstərilənlər nəzərə alınaraq, Agentlik tərəfindən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri davam etdirilir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də istehlakçılar işin daha səmərəli təşkili və onları maraqlandıran suallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Oxşar xəbərlər
AQTA əməkdaşları Balakən əhalisi ilə birgə zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Balakən rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər. Agentliyin Gəncə–Daşkəsən, Mərkəzi Aran, Quba–Xaçmaz, Lənkəran–Astara, Abşeron–Xızı və Şəki–Zaqatala regional bölmələrindən ezam olunan əməkdaşlar Balakən rayonunun Poştbinə və Çorçorbinə kəndlərində monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər. Tədbirlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 300-dən çox bitki növü ilə qidalanan Qəhvəyi mərmər bağacığı payız aylarında fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu dövrdə zərərverici əsasən qışlama məqsədilə yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA əməkdaşları sakinlərlə birlikdə 100-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı çap materialları təqdim edilib. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri də tədbirlərə dəstək göstəriblər. Görülən tədbirlər nəticəsində xeyli sayda zərərverici məhv edilib. Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir. Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Bu üsullara aldadıcı tələlər və süni yaradılmış qışlama sığınacaqları daxildir. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına mühüm töhfə verə bilər. Ən əsası bununla da bölgədə təsərrüfatlara dəyə biləcək iqtisadi itkiləri önləmək mümkündür.
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərdə düzgün qida vərdişlərinin formalaşdırılmasıdır. Bu məqsədlə 2025–2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 239 və 163 nömrəli tam orta məktəblərdə keçirilib. Tədbirlərdə hər iki məktəbdən ümumilikdə 800-dən çox şagird iştirak edib. Onlara Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” mövzusunda təqdimatlar keçirilib. Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılara sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Hər il layihə çərçivəsində ümumtəhsil müəssisələrində şagirdlərlə qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında müxtəlif görüşlər keçirilir. AQTA tərəfindən bu istiqamətdə tədbirlərin davamlı şəkildə təşkili nəzərdə tutulur.
AQTA və DİN birgə əməliyyat keçirib - 2 tona yaxın istehlaka yararsız ət məhsulu aşkarlanıb - VİDEO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarının satışının təmini məqsədilə birgə əməliyyat keçirilib. Keçirilən növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar. Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub. Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib. Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Giriş