AQTA paytaxtda fəaliyyət göstərən bir sıra çörək istehsalı müəssisələrində nöqsanlar aşkar edib
14 Sentyabr 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir. Həyata keçirilən tədbirlər zamanı agentliyin əməkdaşları tərəfindən çörək istehsalı müəssisələrindən çörək və çörəyin istehsalında xammal kimi istifadə olunan un məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarına göndərilib.
Aparılmış sınaq nümunələrinin nəticələrinə əsasən Səbail rayonu Badamdar qəsəbəsi Ə.Nəzərov küçəsi 4 ünvanında fəaliyyət göstərən fiziki şəxs Muradov İlqar Nizami oğluna məxsus, Xətai rayonu Neapol küçəsi 23 ünvanında fəaliyyət göstərən "Xətai-3" Kommersiya İstehsalat Mərkəzinə məxsus, Binəqədi rayonu Biləcəri qəsəbəsi Biləcəri şossesi ev 25 ünvanında fəaliyyət göstərən “31 saylı çörəkbişirmə müəssisəsi” MMC-yə məxsus, Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi şossesində fəaliyyət göstərən "Baker Azərbaycan" MMC-yə məxsus və Xətai rayonu S.Əhmədov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əsədov Ehtiram Hüseynbala oğluna məxsus çörəkbişirmə müəssisələrində istifadə olunan unda kartof xəstəliyi, digər müəssisələrdə isə istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunmuşdur.
Kartof xəstəliyi aşkar olunan çörəkbişirmə müəssisələrində nöqsanların ətraflı araşdırılması, mezenterikus bakteriyalarının yayılmasının qarşısının alınması üçün tədbirlərinin gücləndirilməsi məqsədilə yoxlama həyata keçirilmiş və aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələr barədə yol verilmiş pozuntular aradan qaldırılanadək məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmişdir. Həmçinin həmin müəssisələr barəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə inzibati protokol tərtib edilmişdir.
Digər müəssisələrdə aşkar olunmuş faktlar insan həyatı və sağlamlığına mühüm təhlükə yaratmadığından, həmin müəssisə sahiblərinə aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması və təkrar müayinələrin aparılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.