AQTA: Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır
4 Fevral 2025 12:40
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər.
Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir. Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib.
Qeyd edək ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.
Oxşar xəbərlər
2026-cı ildə AQTA məktəblərdə maarifləndirməni genişləndirir - Video
Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026-cı ilin ilk tədbiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 39 nömrəli Rafiq Nəsrəddinov adına tam orta məktəbdə təşkil olunub. Görüşdə 150 şagird iştirak edib. Tədbir zamanı məktəblilərə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Meyvələrin uşaqların inkişafında rolu” mövzusunda təqdimatlar edilib. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. AQTA ümumi təhsil müəssisələrində maarifləndirmə fəaliyyətlərini 2026-cı ildə də ardıcıl şəkildə davam etdirəcək. Məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərlə görüşlər paytaxt məktəbləri ilə yanaşı region məktəblərində də mütəmadi olaraq həyata keçirilir.
Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar aşkarlanıb
Mediada yayımlanan məlumatlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Qulu Salman oğluna məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçirib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən edilib. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.
İmişlidə antisanitar şəraitdə fəaliyyət göstərən çörək emalı müəssisəsi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, Məhərrəmov Kamil Vırıcıxan oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal sahəsində divar səthləri təmirsizdir və dezinfeksiyaya davamlı materialdan hazırlanmayıb, xəmirin hazırlanmasında istifadə edilən avadanlıqlar korroziyaya uğrayıb, qida məhsulu ilə təmasda olan masa, alət və avadanlıqlar təmiz saxlanılmır, temperatur rejiminə əməl olunmur, emal prosesində istifadə olunan su filtrasiyadan keçirilmir, müvafiq təmizlik işləri görülmür, işçilər xüsusi geyimlə təmin edilməyib və digər tələblər pozulub. Faktla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, çörək emalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş