AQTA: Sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmayıb
26 İyul 2018 00:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi ilə bağlı bəzi saytlarda qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olunacağı haqqında məlumatlar yer alıb.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat və dövlət reyestrinin aparılması əvvəlcədən elan olunduğu kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Bu dövr ərzində sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmayıb.
Hazırda qeydiyyat və dövlət reyestrinin aparılması işləri ilə paralel olaraq sahibkarların bu istiqamətdə maarifləndirilməsi və onlara peşəkar səviyyədə metodiki yardımların göstərilməsi işləri həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, üç mərhələdə həyata keçiriləcək qeydiyyat və dövlət reyestrinin aparılması zamanı, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalat və təsərrüfat müəssisələrinin qeydiyyatı, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri, satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, qeydiyyat və dövlət reyestrinin aparılması prosesinində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstəriləcək və bütün mərhələlərində sahibkarların yeni qaydalarla bağlı maarifləndirilməsi və fəaliyyətlərini təkmilləşdirmələri üçün onlara metodiki tövsiyələr veriləcəkdir.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Dünyada son epizootik vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.