AQTA tərəfindən heyvanların və heyvan mənşəli məhsulların izlənmə sistemi qurulub
26 Fevral 2024 11:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması məqsədilə innovativ həllər və müasir texnologiyaların tətbiq edilməsi ilə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) üzərindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb.
Ölkə ərazisində Agentliyin mütəxəssisləri tərəfindən ailə-kəndli və fermer təsərrüfatlarında identikləşdirilmiş heyvanlar və təsərrüfatlar haqqında məlumatlar AQTİS-ə daxil edilir. Bu sistem vasitəsilə “fermadan süfrəyədək” prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq. Belə ki, kəsilən hər bir heyvan haqqında məlumat istehlak məhsulunun üzərindəki QR kod vasitəsilə oxunacaq. İstehlakçı diri heyvanın haradan və nə vaxt gətirildiyi, məhsulun (ətin) mənşəyi, kəsim məntəqəsinin ünvanı, kəsilmə və satış şəbəkələrinə göndərilmə tarixləri, məhsulun daşınması haqqında sənədin nömrəsi barədə müfəssəl məlumatlar əldə edəcək. İzləmə sistemi vasitəsilə istehlakçı həmçinin məhsulun aid olduğu heyvanın sağlamlıq vəziyyəti, aparılmış sonuncu peyvəndləmənin tarixi, yaşı və s. məlumatları da əldə edə bilər. Bununla yanaşı, QR kodda məhsulun daşınmasına verilmiş müşayiətedici baytarlıq sənədinin nömrəsi də əks olunur ki, bu nömrə ilə istehlakçı sənədin əslini tələb edə bilər. Beləliklə, sistem vasitəsilə istehlakçı son məhsula uyğun tam qida zənciri üzrə məlumat əldə etmək imkanı qazanacaq. Bu isə izlənmə imkanlarının genişlənməsi ilə biotəhlükəsizlik tələblərinin ödənilməsinə şərait yaradacaq.
Qeyd edək ki, sözügedən sistem pilot olaraq hazırda bir satış şəbəkəsində sınaqdan keçirilib. Müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyeklərinin də izləmə sisteminə qoşulması istiqamətində işlər davam etdirilir.
Heyvanların və məhsulların izlənmə sistemi barədə aşağıdakı linkə keçid edərək, məlumat əldə etmək mümkündür:
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.