AQTA və "Rosselxoznadzor"un nümayəndələri arasında növbəti görüş olub
17 Oktyabr 2023 17:15

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndələri arasında növbəti onlayn görüş keçirilib.
Görüş zamanı Rusiyada istehsal olunan vaksin nümunələrinin alınması, bu ölkədən respublikamıza yalnız identifikasiya edilmiş heyvanların idxalı barədə razılaşmanın icrası, vəhşi heyvanların quduzluq xəstəliyinə qarşı peyvəndlənməsi məqsədilə birgə tədbirlərin keçirilməsi mexanizminin müəyyənləşdirilməsi müzakirə olunub. Həmçinin sertifikatların elektron informasiya mübadiləsi və ekvivalentlik məsələsi üzrə danışıqların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrin nəticəsi olaraq, Rusiyada istehsal edilən vaksinlərin ölkəmizdə tətbiqinə icazənin verilməsindən ötrü onların qeydiyyata alınması üçün "Rosselxoznadzor" tərəfindən AQTA-ya müraciət ünvanlanması, bu ölkədən respublikamıza yalnız identifikasiya olunmuş heyvanların gətirilməsi ilə əlaqədar isə Azərbaycanda istifadə edilən birkalara dair standart və tələblər barədə məlumatın “Rosselxoznadzor”a göndərilməsi qərara alınıb. Həmçinin quduzluq xəstəliyi ilə mübarizə sahəsində Rusiyanın Avropa hissəsində mövcud olan müsbət praktika nəzərə alınaraq, “Rosselxoznadzor” tərəfindən hazırlanan vəhşi heyvanların peyvəndlənməsi üzrə Tədbirlər Planı ilə Agentliyin mövcud planının uyğunlaşdırılaraq uzunmüddətli birgə sənədin hazırlanması və müvafiq işlərin həyata keçirilməsi barədə razılıq əldə edilib. “Rosselxoznadzor”un mütəxəssisləri tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri üçün quduzluğa qarşı peyvəndlənmənin aparılmasına nəzarət və effektivliyin izlənilməsi sahəsində təlimin keçirilməsi razılaşdırılıb. Eyni zamanda baytarlıq sertifikatlarının elektron sistemdə həqiqiliyinin yoxlanılması ilə bağlı “Rosselxoznadzor”un təcrübəsindən yararlanmaq qərara alınıb və mövcud sistemlərin inteqrasiyası üçün işlərə başlanılması təklif olunub. Ekvivalentliklə bağlı işlərin də davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.