AQTİ-də yerli və xarici mütəxəssislərin iştirakı ilə biotexnologiya ilə bağlı seminar keçirilib
10 Sentyabr 2019 13:30
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə biotexnologiya ilə bağlı maarifləndirici seminar keçirilib.
İki gün davam edən tədbirdə Geni Modifikasiya Olunmuş (GMO), eləcə də biotexnoloji məhsulların iqtisadi və ekoloji təsirlərini, məhsulların inkişaf etdirilməsi texnologiyalarının əsaslarını araşdıran yerli və xarici mütəxəssislər iştirak ediblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov seminarın biotexnologiyanın tənzimlənməsi istiqamətində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, qarşılıqlı əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olduğunu bildirib.
Seminarda Geni Modifikasiya Olunmuş (GMO) məhsullar və onun insan orqanizminə vurduğu zərərlər, eləcə də bu sahədə Azərbaycandakı ümumi vəziyyət barədə məlumat verilib.
Sonra ABŞ-ın Missuri Universitetinin İqtisadiyyat və Aqrar Biotexnologiyanın İdarə Olunması Mərkəzinin direktoru Dr.Nikolas Kalaytzandonakes geni dəyişdirilmiş kommersiya məqsədli məhsullar, biotexnoloji məhsulların qlobal səviyyədə qəbul edilməsi mövzularında çıxış edib. Eyni zamanda amerikalı alim biotexnoloji məhsulların qlobal səviyyədə qəbul edilməsi, eləcə də fermerlər nə zaman və nə üçün biotexnoloji məhsullardan istifadə edirlər kimi suallara aydınlıq gətirib.
Bundan başqa seminarda GMO ilə bağlı digər məsələlər, biotexnoloji məhsulların iqtisadi və ekoloji təsirləri, hökumətlər tərəfindən biotexnologiya ilə bağlı siyasətlərin formalaşdırılması, biotexnoloji məhsulların tənzimlənməsinin səbəbləri və qaydaları, ərzaq və yemlərin təhlükəsizliyinin qiymətləndirilməsi ilə bağlı aktual məqamlar müzakirə edilib. Eyni zamanda ABŞ, Avropa İttifaqı, Türkiyə və digər ölkələrin nümayəndələri dünyada biotexnologiyanın tənzimlənməsi ilə bağlı təcrübələrini bölüşüblər.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliya Respublikasının Lissabon dairəsində, Filippin Respublikasının Şimali Kamarines əyalətində, Amerika Birləşmiş Ştatlarının isə Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Lissabon dairəsində, Şimali Kamarines əyalətində və Missuri, Alabama, Kanzas, Viskonsin ştatlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.