AQTİ-nin laboratoriyası quduzluq xəstəliyi ilə bağlı beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
30 Oktyabr 2024 10:49
Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) İngiltərənin “Vetqas APHA Scientific” sirkəti tərəfindən təşkil olunan quduzluq xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə beynəlxalq səriştəlilik sınağına qatılaraq uğurlu nəticə əldə edib.
Qeyd edək ki, bundan əvvəl də beynəlxalq səviyyədə təşkil olunan səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edən MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Bu laboratoriyada biokimyəvi, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr aparılır. MBL ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.
Oxşar xəbərlər
AQTA sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2025-ci ilin yanvar ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yanvarın 17-si saat 10:00-da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq yanvarın 16-dək qəbula yazıla bilərlər. Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Qoşqar Təhməzli heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul yanvarın 9-u saat 15:30-da heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən növbəti təlim sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib. Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Təlimdən sonra iştirakçılar nümunəvi ictimai-iaşə müəssisəsinin fəaliyyəti, o cümlədən orada gigiyena qaydalarına əməl edilməsi vəziyyəti ilə tanış olublar. Qeyd edək ki, qanunvericiliyə əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Bu tələbə əməl edilməməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq və yoxlamalar zamanı uyğunsuzluq kimi qiymətləndirilir. Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.