Azərbaycan Avropa regionunda heyvan rifahı platforması üzrə ali komitəyə üzv seçilib
27 May 2024 13:51






Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Paris şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimində iştirak edir.
Sessiyada ölkəmiz Avropa regionunda heyvan rifahı platforması üzrə dördüncü fəaliyyət planının həyata keçirilməsi üçün təyin olunan 5 ölkədən ibarət ali komitənin üzvlüyünə seçilib. Qeyd olunan ali komitənin üzvlüyünə seçkilər ölkədə aparılan vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər əsas götürülərək təyin olunur.
Qeyd edək ki, hazırda dünyada “Vahid sağlamlıq” konsepsiyasının tərkib hissəsi kimi “Heyvanların rifahı” konsepsiyası tətbiq olunmaqdadır. Bu konsepsiyanın əsas məqsədi insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit kontekstində birgə əlaqəli fəaliyyətlərin həyata keçirilməsidir. Qeyd olunan fəaliyyətlər ətraf mühit, heyvanlardan insanlara yoluxan xəstəliklər, antimikrob rezisdentliyi kimi məsələləri əhatə edir. Nəzərdə tutulan tədbirlərin icrası üçün ÜHST-nin müxtəlif region ölkələrində heyvan rifahı platforması yaradılıb.
Xatırladaq ki, ÜHST-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində baş tutan sessiyada 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
