Azərbaycanda heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər ÜHST tərəfindən yüksək qiymətləndirilib
17 Sentyabr 2024 14:22

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə yayımlanıb.
Məqalədə bildirilib ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Qarşı Qlobal Alyans tərəfindən qəbul edilən “2030-cu ilə qədər insanlar arasında quduzluqdan sıfır ölüm” qlobal strategiyası müxtəlif ölkələrdə bu ölümcül xəstəliyi aradan qaldırmaqdan ötrü milli planların hazırlanması üçün əsas olub. Bu istiqamətdə Azərbaycanda mühüm işlər görülüb. Quduzluğa qarşı mübarizə Azərbaycanın baytarlıq xidmətləri və səhiyyə orqanları üçün prioritet məqsədə çevrilib. Əsas vəzifə isə heyvanları peyvənd etməklə quduzluğu aradan qaldırmaq və insanların quduzluq problemi barədə məlumatlılığını artırmaqdan ibarətdir. Məqalədə respublikamızda quduzluqla bağlı mövcud vəziyyət və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar keçirilən seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST yanında daimi nümayəndəsi Qalib Əbdüləliyev tərəfindən səsləndirilən təkliflərə yer verilib.
Qeyd edək ki, Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar təşkil olunan tədbirdə ölkəmizdə zoonoz xəstəlikər üzrə aidiyyəti qurumların əlaqəli fəaliyyəti və quduzluğa qarşı aparılan profilaktik və monitorinq tədbirləri yenilik kimi qəbul edilib və yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin quduzluğa qarşı aparılan tədbirlərlə əlaqədar Regional Məsləhət Qrupunun yaradılması təklifi müsbət qarşılanıb. Növbəti mərhələlərdə bu məsələyə baxılması qərara alınıb.
ÜHST-nin rəsmi internet saytında ingilis dilində yayımlanan “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bölmələri arasında minifutbol turniri start götürüb. Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar. Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub. Qeyd edək ki, turnir 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.