Azərbaycanda qida təhlükəsizliyi sahəsində müsbət istiqamətdə 9,44 % irəliləyiş əldə olunub
17 Mart 2021 13:06
Ölkəmizdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsullarına olan tələbatının davamlı təmin edilməsi, beynəlxalq ticarət bazarında yerli məhsulların imicinin daha da yaxşılaşdırılması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi, habelə gələcək nəsillərin sağlamlığının qorunması məqsədilə milli qida təhlükəsizliyi sisteminin möhkəmləndirilməsi qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Milli qida təhlükəsizliyi sisteminin möhkəmləndirilməsi və inkişafı üçün qida təhlükəsizliyi ilə bağlı göstəricilərin izlənilməsi və qanunvericiliyə uyğun olaraq ardıcıl nəzarət tədbirlərin həyata keçirilməsi zəruri əhəmiyyət kəsb edir.
Bununla bağlı olaraq, bu sahədə beynəlxalq təcrübəyə uyğun və ölkə ərazisində mövcud qida təhlükəsizliyi problemlərinin ətraflı araşdırılması nəticəsində, ölkəmiz üçün prioritet hesab olunan 16 istiqamətdə 2020-ci il üzrə qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti əks etdirən sənəd tərtib olunub. Mövcud vəziyyətin vizual təqdimatını əks etdirən həmin sənədə əsasən ölkəmizdə 2020-ci ildə qida təhlükəsizliyi vəziyyəti müsbət istiqamətdə 9,44 % dəyişmişdir.
Əldə olunan göstəricilərə əsasən 2019-cu illə müqayisədə hər hansı uyğunsuzluq aşkarlanan, həmçinin nəticəsində inzibati xəta aşkarlanan yoxlamaların sayında müsbət dəyişiklik qeydə alınmışdır.
Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı xüsusi təhlükəli hesab edilən bir sıra mikroorqanizmlərin qida məhsullarında aşkar edilməsi üzrə də müsbət istiqamətdə dəyişikliklər qeydə alınmış, nəticədə mikrobioloji təhlükəsizlik göstəriciləri baxımından məhsulların daha etibarlı olduğu müəyyən edilmişdir.
Qeyd edək ki, qida məhsullarının rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biri də ixrac zamanı idxalatçı ölkələr tərəfindən imtina prosedurlarının tətbiq edilib-edilməməsidir. Bu baxımdan 2020-ci il ərzində qida təhlükəsizliyi göstəriciləri üzrə yalnız 1 imtina halı qeydə alınmış və 2019-cu illə müqayisədə 97% müsbət istiqamətdə dəyişiklik baş vermişdir.
Müsbət istiqamətdə baş vermiş dəyişikliklər sırasında qida zəhərlənmələri üzrə əldə olunan nəticələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkənlərin sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınmışdır.
2020-ci il üzrə qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti əks etdirən sənədlə aşağıda linkə daxil olmaqla tanış ola bilərsiniz.
http://afsa.gov.az/uploads/info/warning/analitikb__lleten-09_03_2021-final_pdf1615983982.pdf
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.