Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
6 Yanvar 2025 15:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Monqolustanın Xovd vilayətində xırdabuynuzlu heyvanların taun və keçilərin yoluxucu plevropnevmoniyası, Avstriya Respublikasının Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol, Zalsburq ştatlarında blutanq, Polşa Respublikasının Mazoviesk, Lyubelinsk inzibati ərazilərində Nyukasl, Fransa Respublikasının Normandiya regionunda, İsrail Dövlətinin Mərkəz dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Xovd vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına, habelə qeyd olunan heyvanların Azərbaycan Respublikasının ərazisindən tranzitinə, eləcə də Xovd vilayətində keçilərin yoluxucu plevropnevmoniyası xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən qeyd olunan heyvanların tranzitinə, Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenland, Tirol və Zalsburq ştatlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Mazoviesk və Lyubelinsk inzibati ərazilərində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Normandiya regionunda və Mərkəz dairəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında evdə hazırlanan konservlərin mağazadan alınan konservlərdən daha təhlükəsiz olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. Bildirilib ki, konservin təhlükəsizliyi onun harada hazırlanmasından deyil, düzgün emal edilməsindən, qablaşdırılmasından və müvafiq şəraitdə saxlanmasından asılıdır. Evdə hazırlanan konservin tərkibini bilmək onun təhlükəsizliyinə zəmanət vermir. Düzgün emal edilməyən məhsullarda Clostridium botulinum bakteriyasının toksini əmələ gələ bilər. Bu toksinin səbəb olduğu botulizm nadir, lakin həyati təhlükəli xəstəlikdir. Xüsusilə ət, balıq, quş əti və zəif turşulu tərəvəzlərdən hazırlanan konservlərdə təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Belə məhsulların otaq temperaturunda təhlükəsiz saxlanması üçün yalnız bankaların qaynadılması və ya qapağın kip bağlanması kifayət etmir. Məhsula uyğun, elmi cəhətdən sınaqdan keçirilmiş reseptə və düzgün istilik emalı qaydalarına əməl olunmalıdır. Konserv seçərkən etiketdəki məlumatlara, yararlılıq müddətinə, qablaşdırmanın bütövlüyünə və saxlanma göstərişlərinə diqqət yetirmək tövsiyə olunur. Qapağı şişmiş, sızan və ya ciddi zədələnmiş qabların içindəkini istehlak etmək olmaz. Şübhəli məhsulun dadına baxmaq da təhlükəlidir, çünki botulinum toksini məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən mövcud ola bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Giriş