Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb
4 İyul 2024 17:26
Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlük beynəlxalq tədbir yekunlaşıb.
Tədbirin sonuncu günü Azərbaycanın sədrliyi ilə PPR və FMD üzrə Regional Məsləhət Qrupunun (RMQ) fəaliyyəti, həmçinin FMD ilə bağlı regional vəziyyət, peyvəndlərin uyğunlaşdırılması, seçilməsi və digər məsələlər müzakirə edilib. Həmçinin mövzu ilə bağlı çıxış və təqdimatlar olub, Yol xəritəsinə uyğun olaraq müvafiq tədbirlər planı müəyyənləşdirilib. İyulun 2-də isə tədbir çərçivəsində Bakıda RMQ-nin iclası olub. İclasda RMQ-nin fəaliyyəti ilə bağlı görülən və həyata keçirilməsi nəzərdə tutulan işlər nəzərdən keçirilib, müvafiq tədbirlər müəyyənləşdirilib. Həmçinin iyulun 3-də beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ-simulyasiya təlimləri təşkil edilib.
Sözügedən beynəlxalq tədbirin məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə tərtib etdiyi strategiya əsasında RMQ-nin texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə PPR və FMD ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.
Qeyd edək ki, 2023-cü il 25-27 aprel tarixlərində AQTA, ÜHST, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşkilatçılığı ilə Bakı şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusunda regional görüş keçirilib. Həmin tədbirdə ölkəmiz 3 il müddətinə 14 ölkənin əhatə olunduğu Mərkəzi Asiya regionu üzrə dabaq xəstəliyinə dair məsləhət qrupunun sədri seçilib.
Xatırladaq ki, Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və cari ilin 30 may tarixində təşkilatın müvafiq sertifikatı təqdim olunub. Qeyd olunan xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.