Beynəlxalq tədbir çərçivəsində Qubada assosiativ-simulyasiya təlimi keçirilib
3 İyul 2024 14:43
Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlük beynəlxalq tədbir davam edir.
Tədbirin ikinci günündə beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ-simulyasiya məşqləri keçirilib. Təlimlərin keçirilməsi epizootik böhran vəziyyətlərinə ölkəmizin hazırlığının artırılması ilə yanaşı, əldə edilmiş təcrübənin əyani olaraq region ölkələrinə çatdırılması məqsədini daşıyıb. Simulyasiyanın konsepsiyasına uyğun olaraq, tədbirin keçirilməsi üçün ilkin nəzəri müzakirələr və planlaşdırma aparılıb, şərti xəstə heyvandarlıq təsərrüfatında epizootoloji monitorinq keçirilib və götürülmüş diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalarında analiz olunub. Səyyar laboratoriyalar simulyasiya keçirilən ərazidə quraşdırılıb. Ətraf təbiət sahələrində müşahidələrin aparılması üçün dron tipli videokameralardan istifadə edilib. Simulyasiya təlimlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, AQTİ-nin, eləcə də Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin aidiyyəti qurumlarının və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində iyulun 2-də Bakıda PPR və FMD üzrə Regional Məsləhət Qrupunun (RMQ) iclası keçirilib. Sabah isə ölkəmizin sədrliyi ilə RMQ-nin fəaliyyətinin, həmçinin FMD ilə bağlı regional vəziyyətin, peyvəndlərin uyğunlaşdırılmasının, seçilməsinin və digər məsələlərin müzakirə edilməsi, çıxış və təqdimatların olması, müvafiq tədbirlərin müəyyənləşdirilməsi planlaşdırılıb.
Sözügedən beynəlxalq tədbirin məqsədi ÜHST və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə tərtib etdiyi strategiya əsasında RMQ-nin texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə müvafiq xəstəliklərlə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.