Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri AQTİ-nin laboratoriyaları ilə tanış olub
31 Oktyabr 2019 16:12
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə infotur keçirilib. İnfoturda Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, İsveçrənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz əməkdaşlıq ofisinin rəhbər və nümayəndələri, eləcədə 30-a yaxın media nümayəndəsi iştirak edib.
İnfotur iştirakçıları İnstitutun Analitik Ekspertiza Mərkəzinin Mərkəzləşmiş nümunə qəbulu sektorunda olublar. Onlara məlumat verilib ki, Mərkəzləşmiş nümunə qəbulu sektoru idxal-ixrac, monitorinq, fərdi müraciət təyinatlı qida, bitki və bitkiçilik məhsulları, yem və yem əlavələri, baytarlıq preparatları, pestisid və aqrokimyəvi maddələr, bioloji fəallığa malik qida əlavələri, qida ilə təmasda olan qablaşdırma materialları və s. olmaqla gün ərzində qəbul olunan 400-ə yaxın nümunənin qəbulu prosesini həyata keçirir.
Daha sonra Milli Referens Laboratoriyasının Bioloji müayinələr və Cihaz müayinələri bölməsi ilə tanışlıq olub. İştirakçıların diqqətinə çatdırılıb ki, ölkədə qida təhlükəsizliyi göstəricilərinin təyini üzrə ixtisaslaşmış Bakı şəhərində Milli Referens Laboratoriyası (MRL) və onun 1 saylı filialı, regionlarda isə Abşeron, Sumqayıt, Lənkəran, Gəncə və Şəki Regional Sınaq Laboratoriyaları fəaliyyət göstərir.
Qida Təhlükəsizliyi Laboratoriyalarında kənd təsərrüfatı məhsullarının, qida və qida məhsullarının, alkoqollu içkilərin “ISO (International Organization for Standardization)”, “ASTM (American Society for Testing and Materials)”, “AOAC (Association of Official Agricultural Chemists)”, “NMKL (Nordic Committee on Food Analysis)”, “FDA (Food and Drug Administration) kimi beynəlxalq standartlarda qeyd olunan keyfiyyət, təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini müayinələri həyata keçirilir.
Laboratoriyalarda bitki məhsullarında 250 - yə qədər pestisid qalığının, heyvan mənşəli məhsullarda 17 adda antibiotik qalığının miqdarının təyini ilk dəfə olaraq Ultra Yüksək Performanslı İkiqat Kütlə-spektrometr detektorlu Maye Xromatoqrafı (LC-MS/MS) və İkiqat Kütlə-spektrometr detektorlu Qaz Xromatoqrafı (GC-MS/MS) kimi cihazlar vasitəsilə həyata keçirilmişdir.
Qida Təhlükəsizliyi Laboratoriyalarında bütün parametrlər üzrə qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərinin təyini aparılır. Belə ki, qidalarda istifadə edilən yağların mənşəyi və keyfiyyəti (bitki və ya heyvan mənşəli olması) fitosterinlərin, yağ turşularının, həmçinin trans yağların miqdarı Alov–ionlaşdırıcı detektorlu Qaz xromatoqrafı (GC–FID) vasitəsilə təyin edilir.
İnfotur çərçivəsində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasının Virusologiya bölməsinə də baxış keçiriblər. Məlumat verilib ki, Mərkəzi Baytarlıq Laboratoriyası, eləcə də onun nəzdində fəaliyyət göstərən bölgələr üzrə 6 regional sınaq laboratoriyası ölkədə dövriyyədə olan, idxal və ixrac olunan, həmçinin insan sağlamlığı üçün təhlükə yarada biləcək kənd təsərrüfatı, ev və vəhşi heyvan xəstəliklərinin laborator diaqnostikasının aparılmasını, vaxtında xəstəliklərin aşkarlanmasını, ölkədə baytar-sanitar təhlükəsizliyini təmin edir. Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik beynəlxalq tələblərə cavab verən 2–ci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.
Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində fəaliyyət göstərən regional sınaq laboratoriyaları 2–ci biotəhlükəsizlik səviyyəsinə uyğun sınaqların aparılması üçün qurulmuş və bütün lazımi maddi–texniki baza ilə təchiz olunmuşdur. Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Cənubi Qafqazda ilk dəfə olaraq səhra tipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində fəaliyyətə başlamışdır.
Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək qısa müddətdə xəstəliyin təyininə imkan verir. Müayinələr yüksək həssaslığa malik təsdiqləyici metod sayılan PZR metodu ilə molekulyar səviyyədə həyata keçirilir.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: