Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
16 Yanvar 2025 12:16

Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Daxil olan həmin məlumatlar əsasında AQTA tərəfindən adları qeyd olunan ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Məqsəd qeyd olunan ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqların düzgün və sağlam qidalanması hər birimizin məsuliyyətidir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün uşaq hüquqlarının qorunması və onların rifahının təmin edilməsi məqsədilə dünyada geniş şəkildə qeyd olunur. Azərbaycanda uşaqların sağlam və firavan böyüməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı üçün müxtəlif dövlət proqramları və sosial layihələr həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi olaraq uşaqların sağlam inkişafı üçün yaşlarına uyğun, düzgün və rasional qidalanmasını tövsiyə edirik. Sağlam qida rasionunun təşkili ilə yanaşı, düzgün qidalanma vərdişlərinin aşılanması da uşaqların fiziki və zehni inkişafında mühüm rol oynayır. Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirmək vacibdir. Yemək vaxtı uşağın qaçmağı və ya oynamağı boğulma ehtimalı yaradır və tövsiyə olunmur. Uşağı qidalanmaya məcbur etmək yerinə onda maraq yaratmaq daha məqbul hesab olunur. Ən əsası uşağına nümunə olmaq üçün valideyn özü də düzgün və sağlam qidalanmalıdır. Agentlik tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirmə təşəbbüsləri həyata keçirilir. Məktəblilər arasında “Təhlükəsiz qida uşaqların gözü ilə”, “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqələri, həmçinin “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” kimi layihələr uşaqlara düzgün qidalanma vərdişləri aşılamağa dəstək göstərir. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam böyüməsi, təhlükəsiz mühitdə yaşaması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür
Tütün istifadəsi insan sağlamlığı üçün ən ciddi risk faktorlarından biridir. Hər il milyonlarla insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün tütünün fəsadlarına diqqət çəkmək və insanları sağlam seçimlərə təşviq etmək üçün mühüm çağırışdır. Bu çərçivədə Agentlik yeniyetmə və gənclər arasında populyarlaşan elektron siqaretlərin (veyp) zərərləri barədə maarifləndirmə fəaliyyətlərini genişləndirib. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən tütündən əldə edilən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalarla təsdiqlənib. Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlərdə ənənəvi siqaretlərə alternativ kimi təqdim olunan veyplərin sağlamlıq üçün yaratdığı təhdidlər izah olunub. Eyni zamanda “Bakı Metropoliteni” stansiyalarında elektron siqaretlərin (veyplərin) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Həmçinin veyplərin zərərləri barədə sosial şəbəkə hesablarında mütəmadi olaraq maarifləndirici videolar paylaşılır.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.