COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib
19 Noyabr 2024 12:34
Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, “Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrinin vəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitin problemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bu kompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaq məqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır. Konsepsiya xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır. Bu konsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgə işləməyə səfərbər edir. Konsepsiyanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlı aləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.
Z.Mustafayeva vurğulayıb ki, AQTA-nın məqsədi sözügedən konsepsiya çərçivəsində ictimai sağlamlıq üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan problemlərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etmək üçün bu yanaşmanın milli səviyyədə icrasına təkan vermək, digər əlaqəli qurumlarla birgə əməkdaşlığı daha da genişləndirməkdir. Z.Mustafayeva bu çərçivədə zoonoz xəstəliklərlə bağlı problemlərin həlli üçün “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” layihəsinin hazırlandığını diqqətə çatdırıb.
Tədbirdə daha sonra mövzuya uyğun təqdimatlar olub. Eyni zamanda sözügedən Milli Strategiya üzrə panel müzakirə keçirilib. AQTA-nın, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, ADA Universitetinin, həmçinin bir sıra digər aidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqat mərkəzlərinin, universitetlərin nümayəndələrinin iştirak etdiyi müzakirədə Strategiya barədə ətraflı məlumat verilib. Sənəddə Azərbaycanda zoonoz xəstəliklər riskinə, qida ilə bağlı təhlükələrə və qida mənşəli xəstəliklərə, antimikrob müqaviməti təhlükəsinə, zoonoz xəstəliklərə qarşı mübarizəyə və onların aradan qaldırılması üçün xüsusi tədbirlərə və digər məsələlərə geniş yer verildiyi bildirilib. Strategiyada əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin işi ilə bağlı sonda yekun müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
Oxşar xəbərlər
Cəlilabadda çiyələk təsərrüfatında monitorinq keçirilib - Video
Ölkədə bitki sağlamlığının qorunması və fitosanitar sabitliyin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər həyata keçirilir. Bitkiçilik məhsullarının, o cümlədən çiyələyin təhlükəsizliyinə nəzarət istehsaldan son istehlak mərhələsinədək bütün zəncir üzrə təmin olunur. Bu çərçivədə təsərrüfatlarda pestisid və aqrokimyəvi maddələrin tətbiqi, saxlanması və istifadəsinə nəzarət edilir, risk əsaslı yanaşma əsasında məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunur. Son günlər sosial şəbəkələrdə çiyələk təsərrüfatında kimyəvi maddələrdən istifadə olunması ilə bağlı yayılan görüntü dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Cəlilabad rayonunun Privolnoye kəndində fəaliyyət göstərən, fiziki şəxs Bədirov Natiq Habil oğluna məxsus çiyələk təsərrüfatında monitorinq keçirib. Təsərrüfatda mövcud olan çiyələk məhsullarından, eləcə də istifadə edilən preparatlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda, təsərrüfat sahibi ilə maarifləndirici söhbət aparılıb, bitki mühafizə vasitələrinin düzgün tətbiqi, normativ tələblərə riayət olunması və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq izahatlar verilib. Laborator sınaqların nəticələri yekunlaşdıqdan sonra məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Ətraflı: https://youtu.be/8t_KAv-LCDg
Balın təbiiliyi necə müəyyən olunur? - Video
Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir. Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir. Eyni zamanda, arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın təhlükəsizliyini təmin edir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik baxımından tövsiyə olunmur. Ətraflı:
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Vəliyev Elvin Yaşar oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib. Yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Giriş