İdxal olunan kartof məhsulunda zərərli orqanizmlər aşkar edilib
13 Sentyabr 2018 00:00
Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyin müfəttişləri tərəfindən İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilmiş hər biri 24700 kq tutuma malik iki yük avtomobilində olan kartof məshulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib.
Aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Digər fakt üzrə nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun bir hissəsində isə karantin tətbiq edilən kartof güvəsi kəpənəyi zərərli orqanizmləri olduğu aşkar olunub. Kartof güvəsi aşkar olunan 100 kq məhsul seçilərək məhv edilib.
Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Gövdə nematodu aşkar edilən kartof məhsulundan götürülmüş nümunənin laborator görüntüləri:
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.