İşğaldan azad edilmiş rayonlarda qurbanlıq heyvanların kəsim məntəqələri təşkil edilib
16 İyun 2024 14:23










Azərbaycan xalqı bu il Qurban bayramını torpaqlarımızın işğaldan azad olunmasının və dövlət suverenliyimizin tam bərpasının doğurduğu Qələbə ovqatı ilə qeyd edir. Milli-mənəvi dəyərləri və ənənələri yaşadaraq böyük ruh yüksəkliyi ilə qeyd edilən Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə 16-17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib. Həmin ərazilərdə quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi və satışı baytarlıq nəzarəti altında həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir.
Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
