İxracatçı sahibkarlarla qida təhlükəsizliyinin əhəmiyyəti müzakirə edilib
26 İyul 2018 00:00
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə “İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar keçirilib.
Əvvəlcə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə iştirakçıları salamlayaraq bildirib ki, təlimin məqsədi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir biznes subyektinin ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və mübahisəli halların həll edilməsi istiqamətində maarifləndirməni təmin etməkdir. Çünki bu istiqamətdə vahid dövlət siyasəti, dövlət tənzimləməsi və nəzarəti həyata keçirilir. Məhz bu səbəbdən ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması, sanitariya, gigiyena, baytarlıq və fitosanitar norma və qaydaları bilmək və onlara əməl etmək sahibkarların işini asanlaşdıracaq.
Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev çıxış edib. Son illər həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışan B.Quliyev yerli ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına köməklik göstərəcəkdir.
Təlim zamanı AQTA-nın Sertifikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri Nübar Hüseynli qida sahəsi üzrə ixrac prosesində tələb olunan sertifikatlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər barədə ixracatçı sahibkarları məlumatlandırıb və qida məhsullarının istehsalının bütün mərhələlərində onların daşıdığı risk səviyyəsi, risklərin təhlili və risk əsaslı dövlət nəzarətinin həyata keçirilməsindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlarla əməkdaşlıq imkanları müzakirə edilib.
Oxşar xəbərlər
Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq - Video/Foto
Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək. Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir. Bərdə heyvan bazarından videolink:
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Serbiya Respublikasının Cənubi-Banat dairəsində blutanq xəstəliyi və Litva Respublikasının Mariyampol qəzasında, Niderland Krallığının Overeysel, Cənubi Hollandiya, Qroninqen, Limburq əyalətlərində, İraq Respublikasının Ənbar əyalətində, İrlandiya Respublikasının Kavan kantonunda, Hindistan Respublikasının Uttar-Pradeş, Uttarakxand ştatlarında, Fransa Respublikasının İl-de-Frans regionunda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kayman Adalarının Vest Bey şəhərində, Qvatemala Respublikasının San Marcos inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub, xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb. Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və epizootoloji monitorinqin nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq- sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib. Bu məqsədlə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına tətbiq edilmiş məhdudiyyətin 2025-ci il 10 dekabr tarixindən etibarən aradan qaldırılması barədə qərar qəbul olunub.
Giriş