“Kodeks Alimentarius”un cari sessiyasında ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib
19 İyul 2018 00:00
Kodeks Alimentarius Komissiyasının Roma şəhərində 41-ci sessiyası baş tutub. Sessiyada 121 ölkənin nümayəndə heyəti ilə yanaşı BMT qurumlarının, qeyri-hökumət təşkilatlarının və 84 hökumətlərarası təşkilatın nümayəndələri iştirak edib. Tədbirdə ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib.
Sessiyanın gündəliyi təsdiq edildikdən sonra Kodeks Alimentarius Komissiyasının İcra Komitəsinin 74-cü və 75-ci Sessiyalarının Hesabatları dinlənilib. Sessiya müddətində Komissiya tərəfindən toxumluq kartof üzrə standartlar, badımcan üzrə standartlar, “Hazır Ərzaqların Etiketlənməsi üzrə standartlar”a, “Balıq və balıq məhsulları üzrə Məcəllə”yə, “Qida əlavələri üzrə standartlar”a dəyişikliklər, “Qida əlavələrinin saflığı və identikliyinin müəyyən edilməsi” üçün normalar, “Qida əlavələrinin beynəlxalq nömrələnmə sistemi və adları”na dəyişikliklər, flumetrinin (bal) maksimum qalıq səviyyəsi təsdiq olunub.
Sessiya müddətində Agentliyin nümayəndə heyəti QHT və hökümətlararası təşkilatların nümayəndələri ilə Kodeks Alimentarius standartlarının tətbiqi ilə bağlı görüşlər keçirib, Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında geniş məlumatlar verilib. Görüş zamanı təşkilatlar arasında sıx əməkdaşlığın qurulması və qida təhlükəsizliyinin təmin edilməsi üçün operativ məlumat mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.
Səfər çərçivəsində Agentliyin nümayəndə heyəti “Ərzaq təhlükəsizliyi və qidalanma üçün okeanlardan və daxili sulardan əldə olunan qida üzrə Qlobal Fəaliyyət Şəbəkəsi”nin ilk iclasında iştirak edib.
Qeyd edək ki, FAO və ÜST tərəfindən yaradılmış Kodeks Alimentarius beynəlxalq qida standartlarını müəyyənləşdirir. Qurumun yaradılmasında məqsəd qida məhsullarında beynəlxalq standartları müəyyən edərək istehlakçıların qida təhlükəsizliyini qorumaq və bu sahədə ədalətli rəqabət mühitini təmin etməkdir.
Oxşar xəbərlər

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.

Türkiyənin Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Türkiyə Respublikasının Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.