Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan xüsusi sertifikata layiq görülüb
30 May 2024 14:21






Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinə bununla bağlı xüsusi sertifikat təqdim edilib.
Təşkilatın Elm Komissiyasının rəhbəri ölkəmizin ÜHST-nin prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına baxıldığını və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə tələblərə cavab verdiyini bildirib. Daha sonra səsvermə yolu ilə Hesabat təsdiq olunub. Beləliklə, təşkilat tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə statusunun rəsmiləşdirilməsi beynəlxalq səviyyədə elan olunub. Sessiyada həmçinin vurğulanıb ki, Azərbaycan regionda xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu almış yeganə ölkədir. ÜHST-nin rəhbərliyi ölkəmizin bu sahədə təcrübəsinin digər ölkələrlə də bölüşdürüləcəyi və Azərbaycanın bu sahədə liderlik edəcəyini qeyd edib.
Qeyd edək ki, sözügedən xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür ki, bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır. Digər tərəfdən isə xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını daha da genişləndirəcək.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.
