"Qida Biznes Klubu"nun təqdimatı keçirilib
18 Noyabr 2020 16:30
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək tədbirləri çərçivəsində “Qida Biznes Klubu” adlı daha bir layihənin icrasına başlanılıb. Qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar, Agentlik və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri, eləcə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı keçirilib. Tədbirdə “Qida Biznes Klubu” haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, “Qida Biznes Klubu” qida sahəsində ölkədə olan mövcud vəziyyəti və inkişaf perspektivlərini dəyərləndirərək bu sahədə qida təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunvericiliyi, təcrübəni və əlaqədar texniki dəstək xidmətlərini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xidmətlərini özündə birləşdirir. Klub üzvlərinə texniki dəstək xidmətini İcra Komitəsi həyata keçirəcək. Həmçinin layihə çərçivəsində Agentlik sədrinə yeni təyin olunmuş beynəlxalq müşavirlərin - Ringolds Arnitis (Latviya), Ana Allende (İspaniya), Güven Güneren, Nevzat Birişik, Veli Cengiz Özalpın (Türkiyə) sahibkarlarla müvafiq qida təhlükəsizliyi sisteminin prinsipləri, burada sahibkarların üzərinə düşən məsuliyyət və prosesdə iştirakları, bu sahədə yeni metodologiyaların tələbləri və öz ölkələrində əldə olunmuş müsbət təcrübələrin bölüşülməsi nəzərdə tutulub. Eyni zamanda qida zənciri üzrə sahibkarlıq subyektinin fəaliyyət istiqamətindən asılı olaraq klubun İctimai İaşə Komitəsi, Qida İstehsalı Komitəsi, Logistika və Distribüterlik Komitəsi, Kiçik Sahibkarlıq Komitəsi və digər komitələrin də yaradılması nəzərdə tutulub.
Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, layihə çərçivəsində AQTA və AQTİ-nin fəaliyyət istiqamətləri və təklif etdiyi xidmətləri çərçivəsində klub üzvlərinə bizneslərini daim inkişaf etdirmək üçün lazımi dəstək veriləcək. Sahibkarların yarana biləcək problemlərinin daha çevik və operativ qaydada aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcək ki, bununla da müasir tələblərə uyğun məhsul və xidmətlərin realizasiyasının həyata keçirilməsi təmin olunacaq.
Qeyd olunub ki, “Qida Biznes Klubu”na üzvlük subyektlərin fəaliyyət istiqamətləri və sahələri nəzərə alınmaqla tənzimlənir. Belə ki, “Qida Biznes Klubu”na qida zəncirinin bütün mərhələlərində iştirak edən, yəni qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması və daşınması (logistika və distribüterlik), eləcə də ictimai-iaşə müəssisələri kimi fəaliyyət istiqaməti ilə məşğul olan sahibkarlıq subyektləri üzv ola bilərlər. Qiymətləndirmə əsasında fəallıq nümayiş etdirmiş üzvün və ya üzvlüyə namizədin il ərzində müvafiq güzəştlərlə daha yüksək kateqoriyaya irəli çəkilməsi həyata keçiriləcək. Bundan başqa, “Qida Biznes Klubu”nun üzvləri bir çox hüquq və imtiyazlara malik olacaqlar. Belə ki, klub üzvləri güzəştli texniki dəstək və laborator xidmətlərdən faydalana biləcəklər. Təklif olunan xidmətlər vasitəsilə qida sahəsində fəaliyyət göstərən klub üzvləri tərəfindən keyfiyyətli və təhlükəsiz xidmət və məhsulların realizasiyası zamanı fasiləsizlik, əlçatanlıq və dayanıqlılıq təmin ediləcək.
Oxşar xəbərlər
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.