Qida subyektləri üçün HACCP sisteminin tətbiqi zərurətə çevrilir
31 Mart 2022 12:57
Müasir dünyada qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri üçün öz obyektlərində HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin tətbiqi zərurətə çevrilir. Qida təhlükəsizliyinin təmin edilməsinə yönələn bu sistem bütün mümkün təhlükə və risklərin qiymətləndirilib, nəzarətə götürülməsi və qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir. Bu barədə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən tədris olunan növbəti onlayn təlimdə məlumat verilib. AQTİ, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə reallaşan budəfəki təlim “Qidalanmanın təşkilinə dair tələblər” mövzusunda keçirilib.
Təlimdə mövzuya dair təqdimatla yanaşı, iştirakçılara qida təhlükəsizliyi məfhumu, qida məhsullarının çirklənmələri, fiziki, mikrobioloji, kimyəvi və çarpaz çirklənmələr, allergenlər, temperatur amili, zərərvericilər və onlara qarşı mübarizə, həşəratlara və gəmiricilərə qarşı mübarizə avadanlıqları və preparatlarından danışılıb. Həmçinin “Qida təhlükəsizliyi” haqqında qanunvericilikdən söz açılıb, nəzarət tədbirləri, konservləşdirmə, dağıntı dəsti, təbii müayinələrin izlənilməsi qaydası, əllərin yuyulması qaydası, “Codex Alimentarius”, izlənəbilərlilik sisteminin təmini, meyvə və tərəvəzin dezinfeksiyası, istehsalat korluğu və s. istiqamətlər haqqında məlumat verilib.
Daha sonra mövzu ətrafında diskussiya aparılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan onlayn seminarlar ilk mərhələdə 30 iştirakçı üçün nəzərdə tutulub və ümumilikdə 12 mövzunu əhatə edir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.