Qida Təhlükəsizliyi Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında anlaşma memorandumu imzalanıb
27 İyul 2018 00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.
İmzalanma mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla da kənd təsərrüfatı sahəsində sosial iqtisadi göstəricilər yüksəlib və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurlar əldə olunub.
Nazir ölkədə qida təhlükəsizliyinin təminatı sahəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bu prosesdə iştirak edən dövlət qurumları arasında əməkdaşlığın və məlumat mübadiləsi aparılmasının vacib olduğunu deyib. İnam Kərimov qeyd edib ki, Anlaşma Memorandumu çərçivəsində hər iki qurum insan sağlamlığının qorunmasında kənd təsərrüfatı məhsullarının istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunmasını, qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.
Daha sonra çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, milli iqtisadiyyat perspektivləri üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqi kənd təsərrüfatının inkişafı ilə yanaşı qida təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını da genişləndirməkdədir. AQTA sədrinin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı və qida sahəsi üzrə həyata keçirilən tədbirlər daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətili və təhlükəsiz qida məhsullarının istehsalına köməklik göstərəcəkdir.
Çıxışlardan sonra kənd təsərrüfatı naziri İnam Kərimovla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. İmzalanma mərasimindən sonra İnam Kərimov və Qoşqar Təhməzli media nümayəndələrinin suallarını cavablandırıblar.
Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida zəncirinin bütün mərhələlərində mütəxəssislərinin iştirakı ilə sanitar, baytarlıq və fitosanitar norma və qaydaların təhlilinin aparılmasına, nəticələrin ümumiləşdirilərək bu sahədə qüvvədə olan norma və qaydaların beynəlxalq standartlara uyğunlaşdırılmasına dair birgə təkliflər hazırlayacaq, qida zənciri boyu bütün potensial təhlükələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün birgə tədbirlər həyata keçirəcəklər.
Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi böhran vəziyyətlərində qida təhlükəsizliyinin çevik qiymətləndirilməsi, idarə edilməsi və xəbərdarlıq prosedurlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayacaq, risklər barədə maraqlı tərəflərin (aidiyyətı dövlət orqanlarının, sahibkarlıq subyektlərinin və əhalinin) məlumatlandırılması formalarını müəyyən edəcəklər.
Oxşar xəbərlər
Ölkədə at xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün 2026-cı il 20-30 aprel tarixlərində monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır
Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.
Giriş