Qida Təhlükəsizliyi Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanıb
10 Avqust 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qida zəncirinin bütün mərhələrində sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, birgə layihələrin həyata keçirilməsi və məlumat mübadiləsini genişləndirmək haqqında Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş mərasim keçirilib.
Memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması və digər istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, hazırda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstərilir, dövlət qurumları arasında əməkdaşlıq sahibkarlığın və biznes mühitinin inkişafına təkan verməklə yanaşı yerli istehlakçıların hüquqlarının müdafiəsi və idxal-ixrac prossesi zamanı məhsullara nəzarət imkanlarını genişləndirilməyə şərait yaradır.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədiv əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Qeyd edək ki, Anlaşma Memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsulların istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunması, habelə qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılması, qida təhlükəsizliyi sahəsində birgə monitorinqlərin təşkili, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi və xarici elmi-tədqiqat institutları ilə fəaliyyətin əlaqələndirilməsinin təşviq edilməsi, qida təhlükəsizliyi ilə məşğul olan elmi-tədqiqat institutlarının maddi-texniki bazasının inkşaf etdirilməsi üçün birgə fəaliyyətlər həyata keçiriləcəkdir.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Korça və Tirana bölgələrində xırdabuynuzlu heyvanların taunu, Rumıniyanın Teleorman inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Kamboca Krallığının Pursat əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri ev və diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, habelə tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyət nəzarətdə saxlanılır - VİDEOMƏLUMAT
AQTA biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Agentlik sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı məlumatları mütəmadi olaraq təqdim edəcək.