Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət etdi
5 İyun 2018 00:00
Hörmətli sahibkarlar!
Bildiyiniz kimi, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması, sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün olmuşdur.
Ölkə başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də öz fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcəkdir.
Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcəkdir. Cari il iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, “Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.
Əziz həmvətənlər, dəyərli iş adamları!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi olaraq, sizləri öz fəaliyyətinizi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırır, istehsal etdiyiniz qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha nəzərinizə çatdırırıq. Eyni zamanda, önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk.
Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.