Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət etdi
14 Avqust 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xalqımızı qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edir. Agentlik bayram ərəfəsində vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə dini ayinlərlə yanaşı həm də müvafiq qanunvericiliyin tələblərinə uyğun heyvan kəsiminin həyata keçirməsini tövsiyə edir.
Bayram günlərində heyvan kəsimi ilə məşğul olan şəxslərdən şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılmış kəsim məntəqələrində həyata keçirmələri xahiş olunur.
Bildirilir ki, bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirmiş və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün yerlər müəyyənləşdirilmişdir. Bayram günlərində heyvan kəsimi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcədən yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidir.
Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının 4-cü bəndinə əsasən küçələrdə, yol kənarlarında heyvan kəsiminin qarşısının alınması və tələblərə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması yerli icra hakimiyyəti orqanlarının öhdəliyinə düşür.
Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər olunmuşdur.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Cari ilin 19-23 may tarixlərində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq zamanı 65 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 230 baş, habelə 14 rayonun (şəhər) 116 ailə təsərrüfatında ümumilikdə müxtəlif növ 364 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Laboratoriyalarda aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Albaniya Respublikasının Korça və Tirana bölgələrində xırdabuynuzlu heyvanların taunu, Rumıniyanın Teleorman inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək, Kamboca Krallığının Pursat əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri ev və diri xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, habelə tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyət nəzarətdə saxlanılır - VİDEOMƏLUMAT
AQTA biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim nəzarətdə saxlayır. Agentlik sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı məlumatları mütəmadi olaraq təqdim edəcək.