Qida Təhlükəsizliyi Agentliyinin Bəyanatı
3 Aprel 2018 00:00
Azərbaycan dövlətinin əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində ciddi rol oynayır və milli genefondun qorunmasında, sağlam nəslin yetişdirilməsində əsas amillərdəndir.
Ona görə də, dövlətimiz öz sosial-iqtisadi siyasətində qida təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır, əhalinin sağlam qida məhsulları ilə təmin edilməsi məsələsini ən önəmli tədbirlər sırasına daxil edir.
Son zamanlar mətbuat orqanlarında müxtəlif növ qida məhsulları haqqında heç bir elmi mənbəyə, fakta, ciddi araşdırmaya söykənməyən, vətəndaşlar arasında birmənalı qarşılanmayan məsuliyyətsiz açıqlamaların verilməsi, yazıların paylaşılması geniş vüsət alıb.
Həmin materiallarda əhalinin çox istifadə etdiyi qida məhsullarından biri olan dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddia edilir. Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır.
Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin ölü insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər.
Qida Təhlükəsizliyi Agentliyi hüquq mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir.
Əziz həmvətənlər,
Nəzərinizə çatdırmaq istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyinə mənşəyi məlum olmayan qida məhsulları, o cümlədən dönərlə bağlı rəsmi şikayət daxil olmayıb.
Fürsətdən istifadə edərək, bir daha nəzərinizə çatdırırıq ki, tək dönərlə deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə Qida Təhlükəsizliyi Agentliyinin (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat verə bilərsiniz.
Oxşar xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.