Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Bərdə sakinləri ilə görüşüb
9 İyun 2018 00:00
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Bərdə şəhərində fəaliyyət göstərəcək Bərdə Regional Mərkəzinin iş şəraitinə yerində baxış keçirib. Həmçinin Bərdə Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra Q. Təhməzli iyulun 1-dən etibarən qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi Bərdə "ASAN xidmət" mərkəzində ayrılmış bölməyə baxış keçirib. Q.Təhməzli mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqini təmin etmək olduğunu bildirərək qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı göstəriş və tövsiyyələrini verib.
Səfər çərçivəsində Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Agentlik sədri vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.
Görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Q.Təhməzli sakinləri qəbul etdikdən sonra müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşlarla görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamları diqqətə çatdıran Agentlik sədri həyata keçirilən tədbirlərin qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, sahibkarlar üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini bildirib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.

Mərkəzi Baytarlıq Laboratoriyasında biokimyəvi və hematoloji analizlər yüksək dəqiqliklə aparılır
Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. Hematoloji testlər vasitəsi ilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qiymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir. Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkar edilməsi, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.